Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin mühafizəçisi Novruz Tağıyevin saxlandıqdan sonra saatlarla qolları qandallı tutulduğu bildirilir.
Kərimli vurğulayıb ki, Tağıyevi mayın 20-də uşağını məktəbdən götürən zaman dörd mülkigeyimli şəxs saxlayıb və avtomobildə doqquz saata yaxın qolları qandallı vəziyyətdə Bakı şəhəri ərazisində gəzdirilib.
Tağıyevin vəkili Nemət Kərimli də deyib ki, həmin gün saat 20:00 radələrində müdafiə etdiyi şəxs Yasamal rayon Polis İdarəsinə aparılıb və orada onu gecə saat 12-yə qədər saxlayıblar.
Vəkilin dediyinə görə, ev alqı-satqısı işlərində vasitəçi kimi fəaliyyət göstərən Tağıyevdən Nicat adlı bir şəxs şikayət edib.
"Novruz Tağıyev bildirir ki, Nicata ev tapmaqda kömək edib və ondan min manat beh qəbul edib, onu da göndəriblər ev sahibinə. Sonra bir gün Nicat qaynı kimi təqdim etdiyi şəxslə birlikdə Novruzun işlədiyi ofisə gəlib, ona ətir və bir bağlama vermək istəyib. Novruz bağlamanı qəbul etməyib, ətir də stolun üstündə qalıb. Novruzun deməsinə görə, indi də Nicat deyir ki, guya ona 71 min manat pul verib. Yanındakı adam da bunu təsdiqləyir", - N.Kərimli deyib.
Vəkilin sözlərinə görə, indi iddia edilir ki, evin sənədi də olmadığından həmin şəxsi dələduzluq yolu ilə aldadıblar.
N.Kərimlinin vurğulamasına görə, Novruz Tağıyev barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib və bu qərardan apellyasiya şikayəti veriblər.
Ə.Kərimli mühafizəçisinə qarşı ittihamı "qurama, məqsədli üzədurma" adlandırıb. "İndiki zamanda hansı ev alan şəxs evin pulunu ev sahibinə yox, maklerə, həm də rəsmiləşdirilmədən və notarial təsdiqsiz verir", - o sual edib
Hələlik, müdafiə tərəfinin açıqlamasına şikayətçi tərəfdən, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.