"The Independebt" yazır ki, 4 dəfə Olimpiya qızıl medalçısı Məhəmməd Farah (Mo Farah kimi tanınır) Instagram hesabından adamlara Milad təbriki göndərdikdən sonra çoxsaylı irqçi mesajlar alıb.
34 yaşlı qaçışçı Milad gecəsində başında Şaxta baba papağı ilə çəkilmiş şəklini və Milad günü təbrikini Instagram-da yaymışdı.
Buna baxmayaraq, mömin müsəlman olan Farah bir çox təhqiredici mesajlar alıb. Bu mesajları göndərənlər onu müsəlman olduğu halda Milad təbriki yazmaqda ittiham edirlər.
Britaniya idmançısının Instagram-da 600 min izləyicisi var, lakin onlardan heç də hamısı Farahın Milad təbrikindən məmnun qalmayıb.
Mesajlardan birində deyilirdi: "Sənə sevimli peyğəmbərimiz Məhəmmədin adı verilib və yaxşısı bu olar ki, sən o adın və İslam dininin şərəfini müdafiə edəsən".
Başqa bir mesaj isə belə idi: "Sənə olan hörmətim itib getdi. Ar olsun, qardaş".
"Ciddi deyirsən? Sən müsəlmansan və belə təbrikləri göndərə bilməzsən" - başqa bir istifadəçi yazıb.
Lakin mesajların əksəriyyətində Farahın "Miladınız mübarək" mesajına müsbət reaksiyalar verilib.
Pərəstişkarları idmançıya Milad təbrikinə görə təşəkkür bildirir və bəziləri isə onu hətta müdafiə edirlər:
"Miladınız mübarək deyəndə nə olar ki, - bir istifadəçi yazır, - Mən adamlar tanıyıram ki, Qurban bayramını qeyd etməsələr də, tanışlarına "bayramın mübarək" deyirlər. Bunda nə problem var ki?"
Bir həftə bundan əvvəl Mo Farah BBC-nin illik İdman Şəxsiyyəti mükafatına layiq görülüb (BBC).