KXDR Sarı dənizdə insidentlərin qarşısını almaq məqsədilə Cənubi Koreya hərbçiləri ilə təcili rabitə xəttini bərpa etməyə razılıq verib.
AZƏRTAC Yonhap agentliyinə istinadla xəbər verir ki, Şimali Koreyanın nümayəndə heyəti hökumətlərarası danışıqlarda bu barədə qarşı tərəfi məlumatlandırıb.
Cənubi koreyalı hərbçilər artıq qərb sektorunda KXDR ilə rabitəni yoxlayıb. Bu əlaqə kanalı Koreya yarımadasında kəskin münaqişə fonunda fəaliyyətini dayandırmışdı.
KXDR və Cənubi Koreya, həmçinin münasibətlərin yaxşılaşdırılması yolları və şimali koreyalı idmançıların Qış Olimpiya oyunlarında mümkün iştirakı barədə danışıqlar aparır. Bununla yanaşı, Seul KXDR-i mümkün qədər tez bir zamanda yarımadanın nüvəsizləşdirilməsi barədə dialoqu bərpa etməyə çağırıb.