Meksika polisi ölkənin ən güclü narkokartellərindən birinin - “Los-Setas” qruplaşmasının ehtimal olunan liderini həbs edib.
AZƏRTAC xəbər verir ki, “Heraldo de Mexico” qəzetinin yaydığı məlumata görə, “Z43” və “El-Çarli” kimi tanınan Xose Mariya Gisar Valensiya fevralın 8-də federal polisin dəstəyi ilə hərbi dəniz qüvvələri idarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Amerika əsilli Gisar Valensiya kokain və metamfetaminin ABŞ-a çatdırılmasına məsul olub. Həmçinin o, Qvatemaladan Meksikaya narkotik daşımalarına da rəhbərlik edib.
KİV-lərin məlumatına əsasən, 2014-cü ildə ABŞ hökuməti onun həbs olunmasına yardım edə biləcək məlumat üçün 5 milyon dollar həcmində mükafat vəd etmişdi.
Meksikanın daxili işlər naziri Alfonso Navarrete Prida keçirilən əməliyyata görə hüquq-mühafizə orqanlarına təşəkkürünü bildirib.