“Rusiyanın Yaxın Şərqdəki mövcudluğu genişlənməkdə davam edəcək, çünki dövlət büdcəsi demək olar ki, neftdən asılıdır”, - Sankt-Peterburqun Avropa Universitetinin Rusiya və Avrasiya araşdırmaları üzrə eksperti Nikolas Triketin “The Washington Post”dakı məqaləsində yazılıb.
Müəllif Vladimir Putinin genişmiqyaslı daxili islahatlar aparmaq yerinə, neft gəlirləri və yığımlarına köklənəcəyini qeyd edir: “Bu, o deməkdir ki, Rusiya hələ uzun müddət Yaxın Şərqdə qalmaqda davam edəcək”.
Ekspert bunun üçün bir sıra arqumentlərini də sıralayır: “2013-cü ildə inkişaf etməkdə olan ölkələrdə neft istehlakı ilk dəfə inkişaf etmiş ölkələri ötüb keçib. 2013-cü ilin iyununda isə Rusiya Çinlə yeni boru kəmərlərinin tikilməsi və köhnələrin genişləndirilməsi barədə müqavilə imzalayıb. Daha sonra “Rosneft” Çin şirkətləri ilə neft tədarükü barədə daha bir sıra sazişlər bağlayıb. Bununla Rusiya Çinin ən böyük neft tədarükçüsünə çevrilib.
Bununla bərabər Rusiyanın enerji daşıyıcıları üçün ən vacib bazar yenə də Avropa sayılır. Bu bölgə Rusiyanın neft və neft məhsulları ixracının 70%-ni tutur. İndi Çin və Asiyada tədarükün artırılması Rusiyanın özündə çıxarılan neftin həcminin artırılmasını tələb edir. Keçən il “Rosneft” Qazaxıstan vasitəsilə Çinə satdığı neftin iki dəfə artırılmasını nəzərdə tutan müqavilə imzalayıb. Bu isə o deməkdir ki, “Rosneft” həmişə Avropaya göndərdiyi Qərbi Sibir neftinin ehtiyatlarından həm də Çin üçün istifadə etməli olacaq.
Rusiya Avropaya Qərbi Sibirin yüngül nefti ilə Ural və Volqaboyunun ağır neftinin qarışığından ibarət məhsulu ixrac edir. İndi Qərbi Sibir neftini Çinə yönəldəcəyi üçün Rusiya Avropaya daha ağır neft qarışığını göndərmək məcburiyyətindədir. Bu isə avropalıların heç də xoşuna gəlmir. Avropanın neft emalı zavodları Rusiyanı imzalanan sazişlərə yenidən baxmaqla, habelə təmizlənməyən və emal olunmayan neftini almamaqla hədələyirlər”.
Ekspert Rusiyanın istehsalatı genişləndirmədən Avropa bazarını əlində tuta bilməyəcəyini qeyd edir: “Nəticədə Avropadakı müştərilər aldadılmış vəziyyətdə qalacaqlar. Rusiyaya isə nefti başqa yerə yönəltmək lazımdır. Onun əsas istehsal müəssisələri Avropadan daha çox Çin və Asiya bazarlarına yaxın yerləşir.
Xüsusilə sanksiyalarla bağlı situasiya və neftin qiymətinin artması Rusiya şirkətlərini xaricə çıxmağa məcbur edib. Yaxın Şərqdə neftin çıxarılması üçün xərclər olduqca aşağıdır və buradakı zavodlar əsasən Avropaya xidmət edir. Beləliklə avropalı müştərilərinə neft çatdırmaq naminə Rusiya bölgə neftini ələ keçirməkdən ötrü sazişlər imzalamağa başlayıb. 2017-ci ilin fevralında “Rosneft” Liviyanın Avropaya ötürülən neftinin alınması məqsədilə bu ölkənin Milli Neft Korporasiyası ilə müqavilə bağlayıb.
Bundan başqa şirkət İraq Kürdüstanına gələcəkdə neft istehsalı üçün 3 milyard dollarlıq kredit ayırıb. Keçən ilin sonunda isə “Rosneft” Türkiyəyə gedən neft kəmərlərinin səhmlərinin nəzarət paketini ələ keçirib, habelə Bağdadla Ərbildə yerləşən bölgə hökuməti arasındakı münaqişədə vasitəçi rolunu oynayıb. Elə “Lukoyl” şirkəti də eyni səbəblərlə İran və Cənubi İraq nefti ilə bağlı layihələrə girişib. “Lukoyl”un əsas məqsədi Hindistan kimi böyük bir bazara neft tədarükünü artırmaq və istehsalatda daha ucuz aktivləri ələ keçirməkdir”.
Müəllif bu məqsədlə Rusiyanın siyasi “yardımlar” etdiyini də vurğulayır. Bunların içində diplomatik bağlantılardan tutmuş, kredit verilməsinə, hətta silah satışına qədər hər şey var. Bu, Moskvaya gələcək neft layihələrində pay almaq üçün dövlət və korporativ resurslarını birgə hərəkət etdirməyə imkan verir. Məsələn, “Rosneft” Venesuela ilə kreditlərlə neft aktivlərinin (yəni, istehsal müəssisələrinin, emal zavodlarının, boru kəmərlərinin) mübadilə strategiyasından çox gözəl istifadə edib.
“Putinin Rusiya iqtisadiyyatını kökündən islah etməkdə aciz olması, onun iqtisadi və siyasi sabitlik üçün yenə də neftə möhtac qalması anlamına gəlir. Bu səbəbdən də Rusiya Yaxın Şərqə uzun müddət oturmaq üçün gəlib”, - müəllif yekunda bildirir.
Sonxebeler.info