Braziliyanın San-Paulu şəhərində güclü yanğın nəticəsində 26 mərtəbəli bina uçub.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, alov binanın aşağıda yerləşən 10 mərtəbəsini tamamilə bürüyüb. Tikilinin konstruksiyası buna tab gətirməyərək dağılıb.
Hadisə zamanı binada nə qədər insanın olduğu məlum deyil. Şahidlər yanğından sonra köməyə çağıran qışqırıqların eşidildiyini bildiriblər.
Hökumət çoxlu insan itkisinin olacağından ehtiyatlanır, lakin hələlik həlak olanlar və ya xəsarət alanlar barədə məlumat yoxdur. Ümumilikdə binada 50 ailənin qeydiyyatdan keçdiyi bildirilir.
Yerli Folha de S.Paulo qəzetinin yaydığı məlumata görə, yanğın mayın 1-nə keçən gecə baş verib. Əvvəllər orada polis şöbəsi yerləşirdi. Bir müddət boş qalan çoxmərtəbəli bina sonradan ayrı-ayrı şəxslər tərəfindən özbaşına tutulmuşdu.
Hazırda hadisə yeri polis tərəfindən əhatəyə alınıb, orada 160 yanğınsöndürən və xilasedici, habelə 57 ədəd texnika işləyir.