“Ermənistan Rusiya ilə münasibətləri əsnasında öz dövlət maraqlarını qurban verir, Rusiyaya hər şey verir, əvəzində isə heç nə almır”, Ermənistan parlamentində millət vəkili Arman Babacanyan bəyan edib.
“Bizim KTMT ilə bağlı istənilən fəaliyyətimiz ancaq Ermənistanın ləyaqəti və suverenliyi hesabına onun Rusiya maraqlarına qulluq edən qurum statusunu dərinləşdirir”, – millət vəkili Babacanyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərin tənzimlənməsinə dair qanunvericilik dəyişikləri ilə bağlı müzakirələr zamanı deyib.
Onun sözlərinə görə, Ermənistanın KTMT üzvü olaraq Rusiyanın maraqlarına xidmət etməyə məcburdur, “bir halda ki, Azərbaycan qurumun üzvü olmaya-olmaya daha böyük imtiyazlara malikdir”.
Çərşənbə axşamı Ermənistan Milli Məclisinin payız sessiyası işə başlayıb.
Azərbaycanın KTMT-də müşahidəçi statusuna qarşı
Millət vəkili parlament iclasında iştirak edən hökumət nümayəndəsi, xarici işlər nazirinin müavini Şavarş Koçaryandan Azərbaycanın KTMT-yə müşahidəçi statusunda qatılmaq istədiyinə dair məlumatlarla tanış olub-olmadığını və bununla bağlı “mümkün risklərin qarşısını almaq üçün” nə edildiyini soruşub.
XİN rəsmisinin sözlərinə görə, başqa ölkə və beynəlxalq təşkilatlara qurumda müşahidəçi statusunun verilməsi KTMT nizamnaməsi ilə tənzimlənir, lakin müəyyən qeyri-dəqiqliklər var, odur ki, sənədlərdə bu proses və namizədlər üçün nəzərdə tutulan tələblər dəqiqləşdirilməlidir.
Ermənistan razı olmaz
Parlamentin Xarici Məsələlər üzrə Komissiyasının sədri Ruben Rubinyan KTMT tərəfdaşı yaxud müşahidəçi statuslarının konsensus əsasında təqdim olunduğunu bildirib və Ermənistanın bu məsələdə mövqeyi qətidir, deyib.
“Biz hər hansı bir ölkənin KTMT-də tərəfdaş yaxud müşahidəçi olmasını istəsək – olarlar… Lakin Azərbaycan KTMT-də nə tərəfdaş, nə də müşahidəçi olacaq, çünki Ermənistan konsensus təmin etməyəcək. Hər şey bu qədər aydındır”, – Ruben Rubinyan bildirib.
O, deputat həmkarına “Ermənistanın acizliyi və bacarıqsızlığı barədə ehtimalları bir yana qoyub, Ermənistanın böyüklüyü, suverenliyi və öz maraqlarını müdafiə etməyə qadir olmasına” əmin olmağı məsləhət görüb.
“Rusiya Ermənistanın suverenliyinə qəsd edir”
Arman Babacanyan ötən həftə Zəkalı Ermənistan fraksiyasını tərk edib, hazırda bitərəf deputat kimi çıxış edir.
Babacanyan yenidən tribunaya qayıdıb, Rusiyanın Ermənistanın müstəqilliyi və suverenliyinə qəsd etdiyi təhdid etdiyini israr etdi.
“Konstitusiya qurumunu devirmək kimi ağır cinayət törətməkdə ittiham olunan bir şəxsə (Robert Koçaryana – red.) Rusiya Federasiyası prezidentinin təbriknamə göndərməsi – bu, bizim suverenliyimizə təhdiddir ya yox?” – millət vəkili sual edib.
“Rusiya hüquq-mühafizə sistemi Ermənistanda axtarışa elan edilmiş keçmiş yüksək vəzifəli rəsmiyə dair xüsusi münasibət bəsləyir – bu, qəsddir ya yox?”, – Babacanyan xüsusilə böyük məbləğdə vəsaitlər mənimsəməkdə ittiham olunan sabiq məhkəmə qərarlarının məcburi icrası departamentinin rəisi, general Mihran Poğosyanı nəzərdə tutur.
“Və siz, bütün bu hallarda səsinizi belə çıxartmayıbsınız”, – millət vəkili deyib.
Silah satışının qarşısını almaq
Firavan Ermənistan fraksiyasının üzvü Mikael Melkumyan da təklif edib ki, KTMT üzvü olan ölkələrin təşkilata üzv olan hər hansı ölkə ilə müharibə vəziyyətində olan ölkəyə “müəyyən silah növlərinin satışını qadağan edən” sənəd hazırlansın.
Millət vəkili məsələnin, konkret olaraq, Ermənistanın “strateji müttəfiqi Rusiyanın” Azərbaycana silah satmasına aid olduğuna işarə edib.
Xarici işlər nazirinin müavini Şavarş Koçaryan deyib: “Çalışmaq olar, lakin maneələri çox olar”.
BBC