Türkiyə ABŞ-dan F-35 döyüş təyyarələrini təhvil ala bilməsə, Rusiya istehsalı olan qırıcıları arsenalına daxil edəcək.
Bu iddia ABŞ-ın "Blumberq” agentliyi tərəfindən yayımlanıb.
Hərbi mənbələrdən agentliyə verilən xəbərə görə, ABŞ-ın F-35-ləri verməməsi təqdirində, Türkiyə öz döyüş təyyarələrini və ballistik raketlərini istehsal etməyə başlayacaq.
Mənbələr həmçinin bildirib ki, Türkiyə S-400 zenit raket kompleksinin ABŞ-ın "Patriot”larından daha üstün olduğunu düşünür və İstanbul, Ankara kimi əsas mərkəzləri bu sistemlərlə qorumağı planlaşdırır. Əlavə olaraq, ABŞ-dan gələ biləcək sanksiyalara qarşı ehtiyat hissələrin istehsalına da başlanacaq.
Qeyd edək ki, ABŞ Türkiyənin Rusiyadan hava hücumundan müdafiə kompleksi almasına görə, 1,5 milyard dəyərində F-35 təyyarələrini Ankaraya təhvil verməməyi düşünür. Türkiyə bu qırıcıların həm istehsalında iştirak edir, həm də alacağı təyyarələrin pulunu əvvəldən ödəyib./publika.az