Amerika prezidenti Donald Tramp ötən gün İrana qarşı hava zərbələrinin endirilməsi haqda qərar verib, lakin sonradan bu qərarını geri götürüb.
Bu haqda “The New York Times” məlumat yayıb.
Tramp Amerikaya məxsus pilotsuz uçuş aparatının İran tərəfindən vurulmasından sonra bu qərara gəlib.
Tramp administrasiyasındakı rəsmi şəxslər deyiblər ki, Ağ Evdə milli təhlükəsizlik üzrə vəzifəli şəxslərlə Konqres liderləri arasında İrana qarşı əməliyyatların keçirilməsi üçün gərgin müzakirələr aparılıb.
“Saat 7-də hərbi rəsmilər və diplomatik şəxslər hücumu gözləyirdilər”-deyə məlumatda bildirilib.
Qeyd olunub ki, Amerika prezidenti İranın radilokasiya və raket batareyaları hədəflərinə qarşı bir neçə hərbi əməliyyat keçirilməsini təsdiqləyib. Lakin sonradan bu fikrindən daşınıb.
Qeyd edək ki, İran ölkənin cənubunda yerləşən Hormozqan əyalətində Amerikaya məxsus pilotsuz uçan aparat vurub.
İslam İnqilabı Keşikçiləri Korpusunun bəyanatında bildirilib ki, Amerikanın İranın hava sərhədlərini pozan “Global Hawk” pilotsuz aparatı İİKK hərbi-hava qüvvələri tərəfindən Hormozqan əyalətinin Kuxe Mübarək rayonu üzərində vurulub.
Modern.az