Rusiya özünün yeni strateji məqsədli səsdən sürətli “Avanqard” qanadlı raket kompleksinin ilk alayını artıq əldə edib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Sergey Şoyqu prezident Vladimir Putinlə hesabat xarakterli görüş zamanı məlumat bildirib.
Onun sözlərinə görə, ilk kompleks Orenburq vilayətinin Dombarovsk raket diviziyasına təhvil verilib. Sergey Şoyqunun söylədiyinə əsasən, Rusiyanın strateji məqsədli raket qoşunları 2019-cu ildən bu yana ən yeni silahlar almaqdadır. O, məruzəsində 2020-ci ildə 20-dən çox “Yars” və “Avanqard” kompleks qurğuları döyüş birliklərinə təqdim olunacağını bildirib.
Qeyd olunur ki, hələ 2018-ci ilin mart ayında Rusiya Federasiyası prezidenti Vladimir Putin “Avanqard” və “Sarmat”, habelə qlobal məsafəli “Burevestnik” qanadlı raket komplekslərini, “Poseydon” pilotsuz sualtı aparatını, “Kinjal” hipersəsli raket kompleksini Qərbə yönəlik hədə dolu mesajlarla təqdim etmişdi.
Vladimir Putin hətta “Avanqard”ların qurulmasını Yerin süni peykinin buraxılışı ilə müqayisə edib.
Rusiya lideri kompleksin döyüş blokunun səsdən 20 dəfə sürətlə uçaraq, “meteor və odlu kürə kimi” hədəfə doğru uçduğunu, həmin qurğunun səthinin 1600-2000 dərəcə selsiyə çatdığını, lakin blokun qanad blokunun idarə oluna bilindiyini söyləmişdi.