Məşhur rus politoloqu, vaxtilə Vladimir Putinin iqtidara gəlməsində əhəmiyyətli rol oynamış, daha sonra Kremlin “qara siyahısı”na düşən Qleb Pavlovski Rusiyadakı son siyasi prosesləri, o cümlədən ölkə konstitusiyasına gətirilən dəyişiklikləri Almaniyanın “Der Spiegel” jurnalında dəyərləndirib.
Onun sözlərinə görə, prezident Vladimir Putin tərəfindən səsləndirilən və Dövlət Dumasına təqdim olunan konstitusiya düzəlişlərini qətiyyən radikal adlandırmaq mümkün deyil.
“Çünki yeni müddəalar rejimə toxunmur. Putin rejimi onsuz da konstitusiyaya görə deyil, qeyri-rəsmi şəkildə fəaliyyət göstərməyə üstünlük verir. Digər tərəfdən, yeni düzəlişlər bu gün ölkənin düşdüyü situasiyadan çıxış yollarını qapadır və əslində köhnə konstitusiyada xaos yaradaraq, mövcud status-kvodan qurtulmaq üçün onu yararsz hala salır. Əsas Qanuna edilən düzəlişlər Kremlin hakimiyyətin qeyri-rəsmi strukturlarına nəzarət etdiyi müddətdə heç bir işə yaramayacaq”,-deyə Qleb Pavlovski qeyd edib.
Politoloqun fikrincə, Vladimir Putin hələ ki prezidentlik müddətinin bitməsindən sonrakı vəziyyəti barədə qərar qəbul etməyib və bu 2023-cü ilə kimi sürəcək. “İndi o, sadəcə olaraq hərəkət azadlığı əldə etmək üçün müxtəlif imkanlar yaradır”,-deyə o bildirib.
Qleb Pavlovski hazırkı situasiyanı Leonid Berejnevin dövrü ilə müqayisə edib. “Brejnev də ötən əsrin 70-ci illərində Stalin konstitusiyasını redaktə edərək, hər şeyi özünə görə uyğunlaşdırmağa çalışrdı. Vladimir Putin də eynilə, hər şeyi edə biləcəyi illüziyasına qapılıb. Onun Dövlət Şurasını konstitusion instituta çevirmək niyyəti hakimiyyət sistemində tarazlığın pozulmasına gətirib çıxaracaq...”,-deyə rusiyalı ekspert vurğulayıb.
Qleb Pavlovski məsələ ilə əlaəqdar Rusiya müxalifətinin mövqeyini də sərt tənqid edib. Onun sözlərinə görə, müxalifət Putinin şəxsiyyəti üzərinə həddən artıq köklənib. “Müxalifətin siyasi proqramı axmaq bir şüara əsaslanıb – “Putin getməlidir”. Hakimiyyət isə ona qarşı olan qüvvələrin məhz siyasi sistemin eybəcərliklərinə deyil, onun liderinə doğru yönəlməsində maraqlıdır”, - deyə o, qeyd edib.
Sonxeberler.info