İranda koronavirusa yoluxanların sayı 917 nəfərə çatıb. Yoluxanlardan 18 nəfəri həyatını itirib.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Səhiyyə nazirinin müavini İrəc Herirçi verib. Onun sözlərinə görə apteklər tibbi maska və spirt ilə təchiz edilib. Buna baxmayaraq bu gün Savə şəhərində daha 2 nəfərin koronavirusdan öldüyü məlum olub. İSNA xəbər agentliyi yazır ki, hərarətinin yüksəlməsindən şikayət edən 2 nəfər qadın xəstəxanaya müraciət edib və onlarda koronavirus aşkar edilib. Həkimlərin səylərinə baxmayaraq hər iki qadın həyatını itirib. Artıq İraqın müqəddəs Nəcəf şəhərində də 2 nəfərdə virus aşkar edilib. İraqın Nəcəf və Kərbəla şəhərlərinə ziyarətə gələnlərin səfərləri məhdudlaşdırılıb. İraq İran ilə sərhədlərini bağlayıb, təyyarə reysləri qeyri-müəyyən vaxta kimi dayandırılıb. Yəməndə də İrandan gələn 2 nəfərdə virus aşkarlanıb və onlar da təcili olaraq karantinə alınaraq xəstəxanaya yerləşdiriliblər. Yəmən hökuməti də İran ilə hava əlaqəsini müvəqqəti olaraq dayandırıb.
Bu gün Dünya Səhiyyə Təşkilatının bir qrup mütəxəssisi İrana gələcək. Səfərin məqsədi ölkədəki vəziyyəti dəyərləndirmək və lazımi tədbirlərin həyata keçirilməsi üçün İran hökumətinə yardım etməkdir.
Xatırladaq ki, İrana qarşı tətbiq edilən sanksiyalar virus ilə mübarizəni ləngidir və çətinləşdirir.