AXCP sədri Əli Kərimli
SOCAR-ın 2 şirkəti vasitəsilə 1.7 milyard dollarımızın mənimsənilməsi də aşkarlandı və xalq olaraq heç virtual, uzaqdan-uzağa da hirslənmədik, etiraz etmədik, oğrulardan məsuliyyət tələb etmədik.
Sizcə, hansı daha pisdir – gözümüzün qarşısında milyardlarla dollarlıq milli sərvətimizin oğurlanıb talan edilməsi, yoxsa bu çoxmilyardlıq talana bizim biganə münasibətimiz?
Azərbaycandakı nəhəng korrupsiyanı xeyli müddətdir ki, beynəlxalq mütəşəkkil cinayətkarlığı araşdıran jurnalistlər şəbəkəsi (OCCRP) araşdırır. OCCRP-in hesabatında belə yazılıb:
“Şahdəniz-2 qaz yatağından 1.7 milyard dolların əldə olunması üçün Azərbaycanda iki dövlət şirkəti yaradılıb.
Bu iki şirkət BP şirkətinin fəaliyyətinin Şahdəniz-2 yatağına genişlənməsindən mənfəət qazanmaq üçün saxta ödənişlərdən və qondarma kontraktlardan istifadə edib.
BP şirkətinə bu layihə ilə bağlı korrupsiya iddiaları ilə əlaqədar siqnallar verilsə də, BP iddialarla bağlı heç bir tədbir görməyib.
1.7 milyard dolların böyük bir hissəsinin hər hansı qaz gəlirləri Azərbaycanın dövlət büdcəsinə hələ daxil olmadan götürülməsi nəzərdə tutulub. Həmin vaxtlarda bu dövlət şirkətlərindən birinin direktoru və onun arvadı Mayamidə dəyəri 10 milyon dollardan çox olan dəbdəbəli mülklər alıb.
Ödəniş qəbznamələri bu pulların Azərbaycandan kənara – Star Gulf şirkətinin Dubaydakı, Bos Shelf şirkətinin isə Lüksemburdakı hesablarına axdığını göstərir”.
Hesabatda Azərbaycana, sizlərə çatmalı olan milyardların necə və hansı mexanizmlə mənimsənildiyi detallı şəkildə təsvir olunub.
İndi isə qayıdaq yazının əvvəlində qaldırdığımız suala. Cəmisi 2 şirkətin vasitəsilə xalqın 1.7 milyard dollarının mənimsənilməsinə etirazımız nədən ibarət oldu? Barmaqla sayılacaq qədər siyasətçi, bloqçu, ictimai fəal bu barədə danışdı və yazdı. Ancaq nə bu yazılar, nə bu çıxışlar sosial şəbəkələrdə hər hansı emosiya yaratmadı, trend olmadı.
Ümumiyyətlə, son illərdə tez – tez ortaya çıxan nəhəng oğurluqlara, korrupsiya ifşalarına çoxumuzun verdiyimiz “hə, nə olsun, guya bunların oğru olduğunu bilmirdik?”, “bunların daha böyük oğurluqlarının yanında bu nədir ki?” tipli absurd və zərərli reaksiyalar korrupsionerlərə, oğrulara güc, özgüvən verir. Cəmiyyətin susqun və biganə münasibətindən güc alan İlham Əliyev və digər vəzifəli şəxslər artıq heç belə talançılıq faktlarına reaksiya, izahat da vermirlər. Özlərini elə aparırlar ki, sanki belə də olmalıdır. Yəni hakimiyyətdəki dəstə oğurlamalı, milardlar sahibi olmalı, yoxsul, ac xalq da buna göz yummalıdır.
Bu vəziyyəti dəyişməliyik. Necə olur ki, 20 qəpik qalığı qaytarmayan sürücüdən, bizi hesabda 1-2 manat aldadan satıcıdan haqqımızı tələb edirik, ancaq bizə çatmalı olan milyardların korrupsionerlər tərəfindən talan edilməsinə susuruq? Gerçək qurtuluşun ilk mərhələsi biganəlikdən, ikinci mərhələsi isə qorxudan qurtulmaqdır.