Noyabrın 15-də ABŞ-ın Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Avropa və Avrasiya altkomitəsində “Dağlıq Qarabağın gələcəyi” mövzusunda dinləmə keçirildi.
Dinləmədə şahid qismində ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O’Brayn və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbərinin Avropa və Avrasiya bürosu üzrə köməkçisinin müavini Aleksander Sokolovksi iştirak ediblər.
Dinləmə altkomitənin sədri konqresmen Tom Kinin giriş nitqi ilə başladı. Sədr Azərbaycan və Ermənistan arasında son illər ərzində baş verən müharibənin nəticələri, o cümlədən sentyabrın 19-da Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyat nəticəsində Qarabağda yaşayan ermənilərin Ermənistana köçməsinə toxundu. O, Azərbaycanın Qarabağda güc tətbiq etməsindən məyus olduğunu vurğuladı.
ABŞ Dövlət Departamentinin nümayəndəsi O’Brayn giriş nitqində ölkə administrasiyasının hal-hazırda üç istiqamət üzrə iş gördüyünü bildirdi. O, Qarabağdan çıxan ermənilərin evlərinə maneəsiz dönməsinin mümkünlüyü, o cümlədən onların mülklərinin və mədəniyyətinin qorunmasının bu istiqamətlərdən birincisi olduğunu vurğuladı.
Daha sonra O’Brayn Ermənistan hakimiyyətinin xarici münasibətlərinin çoxşaxəli olmasına açıq olduğuna və ABŞ rəhbərliyinin bu istiqamətdə Ermənistana ehtiyac duyulan dəstəyin verilməsinə çalışdığını dedi.
ABŞ dövlət katibi köməkçisinin müavini daha sonra fəaliyyətin üçüncü istimətinin tərəflərlə sülh sazişinin əldə edilməsi ilə bağlı ünsiyyətin saxlanılması olduğunu dedi.
“Biz sülhün əldə olunmasında yaxından cəlb olunmuşuq. Sentyabrdan bəri Bakı və Yerevana 13 yüksək səviyyəli səfərlər edilib. Biz eyni zamanda türkiyəli həmkarlarla yaxından çalışırıq. Biz Azərbaycana aydın şəkildə çatdırmışıq ki, biz sülh istiqamətində irəliləyişin şahidi olmayana qədər Azərbaycanla münasibət 19 sentyabr hadisələrindən sonra adi qaydada davam etməyəcək”, – deyə O’Brayn əlavə etdi.
O’Brayndan sonra şahid qismində iştirak edən Sokolovki giriş nitqində USAID-in Ermənistan rəhbərliyi ilə görüşərək ölkənin ehtiyacları ilə bağlı məlumatlar topladığını, o cümlədən USAID rəhbəri Samanta Pauerin Ermənistana səfəri, eyni zamanda Azərbaycanla sərhəddə Qarabağdan köçmüş ermənilərlə görüşdüyünü qeyd etdi.
Sokolovski həmçinin Ermənistan dəstəyi və humanitar yardımın artırılması, o cümlədə islahatların keçirilməsi üçün uzunmüddətli dəstəkdən danışdı:
“ABŞ Konqresinin səxavətli dəstəyi sayəsində USAID Ermənistanda dəstəyini 2018-ci ildən bəri 50 faiz artıra bilib. Bu dəstək bizə Ermənistan hökuməti və vətəndaş cəmiyyəti ilə işləmək imkanı verdi. Eyni zamanda bu dəstək Ermənistanın iqtisadi artımı, vətəndaş iştirakçılı, enerji təchizatının diversifikasiyası və plüralistik informasiya mühitinin güclənməsinə imkan yaradır.”
Daha sonra altkomitənin üzvləri ilə O’Brayn və Sokolovksiyə ABŞ-ın bölgədəki siyasəti, sülh sazişi ilə bağlı son vəziyyət, Rusiya və İranın bölgəyə təsiri, o cümlədən Qarabağda hərbi əməliyyatdan sonra ABŞ administrasiyasının Azərbaycan rəhbərliyi ilə münasibətlərinin gələcəyi ilə bağlı suallar verdilər.