“Daily Telegraph” yazır ki, əgər Qərb Putinə münasibətdə kətə və döyənək siyasətini seçsə, mümkündür ki, Rusiyaya “Böyük yeddilik”ə geri qayıtmaq təklifi edilsin.
Bu həftə ABŞ dövlət katibi Reks Tillerson Moskvanı ziyarət edəcək və özü ilə Rusiyaya Əsədə dəstəyi kəsməyi və hərbi qüvvələri Suriyadan çəkməyi tələb edən “Böyük yeddilik”in ultimatumunu aparacaq.
Qəzet yazır ki, ultimatumda Rusiyanı yeni sanksiyalarla hədələmə yer alsa da, Amerika diplomatlarının bu sərt addımına paralel olaraq kulis arxasında Vladimir Putinə yenidən “Böyük yeddilik”də yer almaq təklif ediləcək.
Rusiya Krımın anneksiyasına cavab olaraq ovaxtkı “Böyük səkkizlik”dən qovulub. Britaniya və ABŞ diplomatları hesab edir ki, Putin ora qayıtmağı çox istəyir.
Onlar həm də bu qənaətə gəliblər ki, Rusiya prezidentinin Əsədə münasibətdə entuziazmı zəifləyir və o, öz sifətini itirmədən Suriyadan çıxmaq fürsəti axtarır.
Qəzet hökumət daxilindən gizli mənbəyə istinad edərək yazır ki, “Tillerson Moskvaya aydın təlimatlarla gələcək – əgər Putin beynəlxalq əlaqələrin zirvəsinə qayıtmaq istəyirsə, Əsəddən qurtulmalıdır; biz ona öz sifətini saxlamağa imkan verən çıxış strategiyası təqdim etməliyik. Rusiya ilə ultimatum dili işləmir. Amma Moskva başa düşür ki, Suriya yükə çevrilir”.