Sonxəbərlər internet qəzeti verdiyi məlumata görə, NATO-nun Norveç ərazisində raket əleyhinə müdafiə sistemi quraşdırmaq planı rəsmi Moskvanın etirazı ilə qarşılanıb. Rusiyanın Norveçdəki səfiri Teymuraz Ramişvili bildirib ki, hərbi alyansın RƏM sistemini Norveç ərazisində yerləşdirməsi təkcə Norveç üçün deyil, bütün ittifaq ölkələri üçün ağır nəticələnəcək.
Norveçdə dərc olunan "Dagbladet" qəzetinə müsahibə verən Ramişvili, "Norveç torpaqlarına NATO-nun RƏM sistemi yerləşdiriləcəyi təqdirdə Moskvanın reaksiyası necə olacaq?" sualına, "Rusiya buna mütləq cavab verəcək. Üstəlik, yalnız Norveçə deyil, NATO-ya da cavab veriləcək" deyə bildirib.
"Rusya və Norveç NATO-nun raket əleyhinə müdafiə sistemi barəsində fərqli fikirlərə sahib ola bilər və bu çox normaldır. Ancaq yaxşı qonşular dialoq qurmalı və hər iki tərəfi qane edən həll tapmalıdır. Oslo rəhbərliyi bu məsələni Moskva ilə müzakirə etməkdən çəkinir",-deyə Teymuraz Ramişvili əlavə edib.