ABŞ prezidentliyinə keçmiş namizəd Hillari Klinton ölkədəki siyasi namizədlərə və hüquq müdafiəçilərinə dəstək üçün yeni təşkilat yaratdığını elan edib.
SonXəbərlər-in məlumatına görə, xanım Klinton öz Twitter mikrobloqunda yazıb ki, "Onward Together" (Birlikdə irəli) təşkilat insanların ruhlanmasına, siyasi proseslərdə iştirak etməsinə, fəaliyyətlərinin əlaqələndirilməsinə və hətta seçkilərdə namizədliklərini irəli sürmələrinə yardımçı olacaq.
"İndi həmişəkindən daha çox inanıram ki, vətəndaşların iştirakı bizim demokratiya üçün lazımdır. Kim təşkilatlanmağa və rəhbərliyə hazırdırsa, mən onu bu cür ruhlandıracam", - o əlavə edib.
Klinton deyib ki, onun yeni qurumu irqi ədalət və cinayət mühakiməsi islahatlar uğrunda çıxış edən "Color of Change" hüquq-müdafiə təşkilatına, həmçinin qadınlara siyasi kürsülərə öz namizədliyini necə verməyi təlim edən "Emerge America" təşkilatına dəstək olacaq.
Təşkilatın saytında bildirilir ki, onun missiyası mütərəqqi dəyərləri inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı gələcək yaratmaq üçündür.
Xatırladaq ki, ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq kifayətdir. Donald Tramp Seçicilər Kollegiyasının 304, Hillari Klinton isə 227 səsini toplayıb.