ABŞ prezidenti Donald Tramp Rusiyanın XİN rəhbəri Serqey Lavrovla görüşdə İŞİD-in sərnişin təyyarəsini partlatmaq istədiyi barədə xəbərdarlıq edib. O, bu xəbəri İsrail kəşfiyyat agentliyindən əldə etdiyini bildirib. SonXeberlər-in verdiyi məlumata görə, ABC News bunu Amerika mənbələrinə istinadən verib.
İsrailli agent İŞİD terror təşkilatının içinə girib. O, bildirib ki, terrorçular ABŞ-a yollanan sərnişin təyyarəsini göyərtədə gizlədilmiş notbuk vasitəsi ilə partlatmaq istəyir.
Bu informasiya ilə əlaqədar Amerika hökuməti Avropa reyslərində notbukların daşınmasının tam qadağası barədə düşüncələrə səbəb olub. Xatırladaq ki, mart ayında belə bir qadağa Afrika və Yaxın Şərq ölkələrindən 13 aviakompaniyanın sərnişinləri üçün verilmişdi.
ABC News-un məlumatına görə, İsrail ABŞ-la bu informasiyanı bir şərtlə paylaşıb ki, mənbənin adı çəkilməsin. Trampla Lavrov arasında danışıqdan sonra, nəşrin məlumatına görə, israilli casusun həyatı təhlükə altında ola bilər.
Qeyd edək ki, "Washington Post" qəzeti bundan əvvəl Donald Trampın Ağ Evdə Sergey Lavrovla görüşü zamanı ona "İŞİD"lə bağlı gizli və vacib məlumat verdiyini açıqlamışdı. Verilən məxfi məlumatlardan ABŞ-ın yüksəkçinli rəsmiləri də xəbərsiz olduğu deyilirdi. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Herbert Makmaster yayılan informasiyanı təkzib etmişdi və Donald Trampın məlumat sızdırması xəbərini yalan adlandırmışdı.