ABŞ prezidenti Donald Tramp sələfi Barak Obamanın Kubaya qarşı siyasəti yumşaltma barədə verdiyi fərmanları ləğv etməyi planlaşdırır. SonXəbərlər-in verdiyi məlumata görə, bu barədə The Daily Caller qəzeti öz mənbələrinə istinadla xəbər verib.
Onlar bildiriblər ki, Amerika lideri dəyişikliklər barədə iyun ayında Mayamidə çıxışı zamanı elan edəcək. Nəşr vurğulayıb ki, ada dövləti ilə bağlı Obamanın fərmanlarının ləğvi təşəbbüsü ilə kuba əsilli senatorlar – prezidentliyə sabiq namizəd respublikaçı Marko Rubio, demokrat Robert Menendes və respublikaçı Mario Dias –Balart çıxış ediblər.
Ağ Ev bu informasiyanı şərh etməyib.
Qeyd edək ki, 2015-ci ilin yanvar ayında Obama «Ölkənin vəziyyəti» barədə ənənəvi çıxışı zamanı Konqresdə Kubaya qarşı embarqonun tamamilə ləğvi barədə təklif irəli sürmüşdü. Sonradan dəfələrlə bu barədə çağırışını təkrarlasa da qanunvericilər bu təşəbbüsü dəstəkləməmişdilər. Bundan sonra Obama respublikaya münasibətdə ticari, turizm, nəqliyyat, sığorta, rabitə və maliyyə sahəsində yumşaldılmış siyasət barədə fərman imzalamışdı.