Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Bəhreyn 69 fiziki şəxsi və 12 müəssisəni terror təşkilatlarını maliyyələşdirilən və Qətəri dəstəkləyənlərin siyahısına salıb.
SonXəbərlər-in "Əl-Ərəbiyyə"yə istinadən verdiyi məlumata görə, terrorçuları dəstəkləyənlərin siyahısına salınan ən məşhur şəxslər arasında Qətər əsilli misirli din xadimi Yusif əl-Qaradavi, misirli Məhəmməd İslambuli, Qətər və Misirdə din xadimi kimi qəbul edilən Vaqdi Qoneim və "Müsəlman Qardaşlar"ın üzvü olan Tarek al-Zumar var.
Səudiyyə Ərəbistanının siyahısında həmçinin terroçuları maliyyələşdirən və dəstəkləyən kimi Abdullah əl-Muhaysini də var. Muhaysini Səudiyyə Ərəbistanındandır. Əl-Qaidə və "Təhrir əl-Şam" terror təşkilatının əsas maliyyəçilərindəndir. Amma maraqlıdır ki, Səudiyyə onun Qətər tərəfindən maliyyələşdirildiyini deyir.
Liviyadakı terrorçuların komandiri olan Əbdulhakim Belhac da siyahıya düşənlərdəndir. O, siyahıdakı 5 liviyalıdan biridir.
Terrorçuları maliyyələşdirən 12 müəssisə arasında isə bunlar var: Qətər Könüllülər Mərkəzi, Doha Apple Şirkəti (İnternet və Texnologiya Şirkəti), Qətər Xeyriyyə, Şeyx Eyd əl-Sani Xeyriyyə Fondu və Şeyx Sani bin Abdulla Fondu.
Qeyd edək ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Dohanı terror təşkilatları maliyyələşdirməkdə və Yaxın Şərqdə vəziyyəti gərginləşdirməkdə ittiham edərək Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan onlara 8 ölkə qoşulub.