SonXəbərlər-in verdiyi məlumata görə, İraqın baş naziri Heydər İbadi "Həşduş-Şəbi" (xalq könüllüləri) ordu birləşməsinin yaranmasının ildönümü ilə əlaqədar keçirilən mərasimə təbrik məktubu göndərib. İraqın hökumət rəhbəri məktubda qeyd edib ki, "Həşduş-Şəbi" ordu birləşməsi bölgədə terrorçulara qarşı mübarizə aparan ən güclü qüvvələrdən biridir.
Heydər İbadi daha sonra bildirib ki, hökumət "Həşduş-Şəbi" ordu birləşməsinə dəstəyini dayandırmaq niyyətində deyil.
İraq baş naziri həmçinin əlavə edib ki, məhz ölkənin nüfuzlu din alimi Ayətullah Seyid Əli Sistaninin cihad fətvasından sonra müharibə funksiyasını məğlubiyyətdən qələbəyə dəyişmək mümkün olub.
"Həşduş-Şəbi"(xalq könüllüləri) ordu birləşməsi 2014-cü ilin iyun ayında İŞİD terrorçuları tərəfindən Mosul daxil olmaqla, 9 vilayətin böyük bir qisminin işğalından sonra İraqın mərceyi-təqlid alimi Ayətullah Sisitaninin müdafiə cihadı barədə çağırışı ilə yaranıb. Xalq könüllüləri bu günə qədər İraq Silahlı Qüvvələri ilə birgə əməliyyatlarda iştirak edir və ölkənin bir çox bölgəsinin terrorçulardan azad olunmasında böyük pay sahibidir.