ABŞ Körfəzdə yaranmış gərginliyi fürsət bilərək, onlardan müxtəlif yollarla pul qoparmağa çalışır.
Axar.az xəbər verir ki, bu iddia ilə Türkiyənin “Yeni Şəfəq” qəzeti çıxış edib.
Qəzetdə yayımlanan məqalədə iddia edilir ki, Qətərlə ərəb ölkələri arasındakı böhranı fürsət bilən Vaşinqton bu ölkələrə milyardlarla dollar dəyərində silah və investisiyalar təklif edir. ABŞ-ın Qətərə 35 ədəd F-15 qırıcısı daxil olmaqla, 12 milyard dollarlıq silah satması da bu siyasətin bariz nümunəsidir.
ABŞ Prezidenti Donald Trampın Səudiyyə Ərəbistanı ilə imzaladığı 350 milyard dollar dəyərində razılaşmanın 110 milyardı bir il, gerisi isə 10 il müddətinə reallaşacaq. Sənədlərə görə, Körfəz ölkələri son beş ildə ən çox silah idxal edən ölkələr arasındadır.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri ərəfəsində Donald Trampın “Borcumuzu Körfəz ölkələri ödəyəcək. Onlar bizsiz mövcud ola bilməzlər” deməsi gündəmə çevrilmişdi.