ABŞ başda olmaqla beynəlxalq koalisiya qüvvələri Suriyanın pilotsuz təyyarəsini vurub. SonXəbərlər-in verdiyi məlumata görə, bu barədə Sky News Arabia xəbər yayıb.
Koalisiya Suriya HHQ-nə məxsus İran istehsalı olan Shahed-129 PUA-nı Ət-Tanf yaxınlığında vurub.
Bildirilir ki, pilotsuz təyyarə özü ilə döyüş sursatı aparırmış, o partlamayıb. Shahed-129 2000 km mənzillidir. O, «hava-yer» sinifli 4 raketi daşıma qabiliyyətinə malikdir. PUA yerüstü hərəkətli və hərəkətsiz hədəfləri məhv edə bilər.
Xatırladaq ki, bazar günü koalisiya qüvvələri Rəqqa ərazisində terrorçulara qarşı əməliyyat həyata keçirən Suriya HHQ-nin təyyarəsini vurmuşdu.
Yeri gəlmişkən qeyd edək ki, ABŞ başda olmaqla Koalisiya Qüvvələri bazar günü Rəqqada Suriya HHQ-nin təyyarəsini vurub. «Rəqqa şəhəri yaxınlığında İŞİD-ə qarşı hərbi tapşırığı yerinə yetirən təyyarəmiz vurulub», - deyə Suriya Müdafiə Nazirliyi xəbər verib. Bununla əlaqədar olaraq, Rusiya Müdafiə Nazirliyi iyunun 19-dan etibarən Suriya səmasında insidentlərin qarşısının alınması haqqında memorandum çərçivəsində Birləşmiş Ştatlarla əməkdaşlığı dayandırıb.