Sonxeberler.info-nun verdiyi məlumata görə, Gürcüstan prezidenti Georgi Marqvelaşvili "The Voice of America"ya müsahibəsində Gürcüstan və ABŞ arasında ikitərəfli münasibətlərin perspektivləri, eləcə də Ağ Evin xarici siyasəti barədə danışıb. Gürcüstan prezidenti Rusiyanın işğal altında olan Şimali Osetiyada son hərəkətləri, həmçinin Vaşinqtonun Moskvaya qarşı yeni sanksiyaların tətbiq etməsi faktını da şərh edib.
Georgi Marqvelaşvili borderizasiya layihə çərçivəsində işğal olunmuş Sxinvali yaxınlığında Rusiya qoşunlarının fəallaşmasını pisləyib və bunu "mərhələli işğal" adlandırıb: "İşğalçı dövlətin hərəkətləri, mərhələli işğal və işğal olunmuş ərazilərin hərbiləşdirilməsi vəziyyəti çətinləşdirir və regionda qeyri-sabitlik yaradır. Gürcüstanın ərazi bütövlüyünün pozulması ilə bağlı heç bir fakt cavabsız qala bilməz, bu hərəkətlərin hər birini qətiyyətlə pisləmək lazımdır".
Qeyd edək ki, Rusiya ordusu Orçosani meşəsindən Karapila meşəsi və Tortla çayına qədər olan ərazini nəzarətə götürüb. Bu addım borderizasiya adlandırılan qanunsuz prosesin davam etdirilməsidir. Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanın bu addımını təxribat adlandırıb və beynəlxalq tərəfdaşları ilə birlikdə bunun qarşısını almağa çalışacağını bəyan edib.