İsrailin baş naziri Netanyahu İranın və onun şiə müttəfiqlərinin Suriyada olmasına görə narahat olduğunu bildirib.
“Reuters”in verdiyi xəbərə görə, onun bu barədə Rusiya prezidenti Vladimir Putinə bugünki görüşdə danışacağı bildirilir.
Son dövrlər Rusiya Suriyada de-eskalasiya zonasının yaradılmasında əsas vasitəçiyə çevrilib. İsrail isə narahatdır ki, bu zonalar sayəsində Dəməşqdəki iranlı və livanlı Hizbullah qüvvələri şimal sərhəddində güclənəcək.
Netanyahu və Putin Soçidə görüşəcək. BU 2015-ci ildən bu yana tərəflər arasında 6-cı görüş olacaq. Putinlə görüşdükdən sonra Netanyahu ölkəsinə dönüb Ağ Ev nümayəndələri Cared Kuşner, Ceyson Qrinblat və Dina Pauellə müzakirə aparacaq.
“Mən Putinlə İranın Suriyada öz hərbi qüvvələrini yerləşdirməsini müzakirə edəcəm. Bu yalnız İsrail üçün deyil, Yaxın Şərqdəki bütün ölkələr üçün təhlükədir” – Netanyahu bəyan edib.
Kremldən verilən rəsmi açıqlamaya görə, Putin və Netanyahu görüşdə dövlətlərarası ikitərəfli münasibətləri, Suriya başda olmaqla Yaxın Şərqdəki vəziyyəti, beynəlxalq terrorizmlə mübarizəni, İsrail-Fələstin münaqişəsini və digər qlobal və regional məsələləri müzakirə edəcəklər.
Rusiyanın İsraildəki səfiri Aleksandr Petroviç Şeyn bildirib ki, Rusiya İsrailin Suriyadakı maraqlarını nəzərə alır.
İsrailin baş naziri ən çox İranın Suriyada hərbi hava və dəniz donanması qüvvələrini yerləşdirməsindən narahat olduqlarını dilə gətirib. Netanyahunun təhlükəsizlik məsələləri üzrə kabinetinin üzvü Yoav Qallant İsrailin “Channel Two” kanalına müsahibəsində Tel-Əvivin ilk öncə ABŞ-la, daha sonra isə Rusiya ilə ümumi diplomatik və siyasi maraqları olduğunu bildirib
“Biz İsrail ordusunu Suriya ilə bağlı daima hazır vəziyyətdə saxlamalıyıq” – Qallant qeyd edib.