Havaya buraxılan zəhərli qazların üçdəbiri dünyanın 250 ən böyük konserninin payına düşür. Hindistanın “Coal India”, Rusiyanın “Qazprom” konsernləri və ABŞ-ın “ExxonMobil” şirkəti havaya ən çox zəhərli qaz (CO2) buraxan şirkətlər siyahısına başçılıq edirlər.
“Reuters” agentliyinin maliyyə və risk araşdırmaları şöbəsinin təqdim etdiyi hesabatda firmaların istehsalat prosesi zamanı havaya buraxdığı zəhərli qazlarla yanaşı, onların müştərilərinin həmin firmaların məhsullarından istifadə edərkən havanın çirkləndirilməsinə göstərilən təsir nəzərə alınıb. Eyni zamanda, hesabatda 250 konsernin yalnız 30 faizinin gələcəkdə emissiyaların azaldılması üçün dəqiq fəaliyyət planı və hədəflərə malik olması müəyyən edilib.
Həmçinin müəyyən edilib ki, son üç ildə havaya buraxılan zəhərli qazların həcmi dəyişməz olaraq qalıb. Paris İqlim Sazişində isə havaya buraxılan zəhərli qazlarının həcminin hər il 3 faiz azaldılmasına dair öhdəliklər əksini tapıb.
Gələn həftə Almaniyanın Bonn şəhərində keçiriləcək illik dünya ilqim konfransında yaşıl planetimizin qarşılaşdığı bir çox ekoloji problemlərlə yanaşı, gələcəkdə zəhərli qazların həcminin azaldılması üçün hədəflər də müzakirə olunacaq. Əgər Paris Sazişinin müddəaları həyata keçirilməzsə, 2030-cu ilədək emissiyaların həcmi 30 faiz arta bilər və bu da iqlim dəyişikliklərinin qarşısının alınmasını daha da çətinləşdirəcək.
BMT-nin Dünya Meteorologiya Təşkilatının hesablamalarına görə isə dünyada istixana qazlarının sıxlığı milyonlarla ildən bəri ən yüksək həddə çatıb. Bu isə əsrimizin sonunadək dünyada temperaturun təxminən üç dərəcə yüksəlməsinə və təbii fəlakətlərin artmasına gətirib çıxara bilər.