Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsi Ukrayna, Gürcüstan və Moldovanın avrointeqrasiyasını dərinləşdirmək üçün “Şərq Tərəfdaşlığı+” modelinin tətbiq edilməsini tələb edib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı komitənin mətbuat xidməti yayıb. Bu modelin Şərq Tərəfdaşlığı ölkələrinin 24 noyabrda Brüsseldə keçirilən sammitində qəbul edilməsi təklif olunub. “Şərq Tərəfdaşlığı+” modelinin tətbiq olunacağı ölkələrdə rouminq üçün tariflərin ləğv edilməsi, onların gömrük, energetika ittifaqlarına cəlb olunması, eləcə də Şengen zonasına qatılması nəzərdə tutulub. Komitə həmçinin Gürcüstan, Ukrayna və Moldovanın sosial-iqtisadi infrastrukturuna dövlət və şəxsi investisiyaların cəlb edilməsi üçün fond yaradılmasını da məsləhət görüb.
Xarici Əlaqələr Komitəsi tərəfindən təklif edilən qətnamə layihəsinin lehinə 40 deputat, əleyhinə isə 6 deputat səs verib. Layihənin noyabrda Avropa Parlamentinin səsverməsinə çıxarılması nəzərdə tutulub.
Qeyd edək ki, Şərq Tərəfdaşlığı layihəsinə Ukrayna, Moldova, Gürcüstan, Azərbaycan, Ermənistan və Belarus üzvdür.