Moldova Prezidenti İqor Dodon Dnestryanı məsələsinin həllində güc tətbiq edilməsinin qəti olaraq əleyhinə çıxış edərək, ölkənin birliyi üçün rəsmi Kişinyovun kompromisə getməyə hazır olduğunu bildirib.
Axar.az xəbər verir ki, bu barədə RİA informasiya yayıb.
“Dnestryanıda güc tətbiq edilməsinə ehtiyac yoxdur. Hesab edirəm ki, problemi ancaq danışıqlar yolu ilə həll etmək olar. Əlbəttə bizdə də münaqişə törətməyə çalışanlar var, ancaq onların sayı çox azdır. Onları burada yeni bir qaynar nöqtə yaratmaq üçün Qərbdən sövq edirlər. Mən həmişə bu tip ssenarilərin əleyhinə olmuşam və olacağam da”, - deyə prezident çıxışı zamanı bildirib.
Xatırladaq ki, əhalisinin 60 faizdən çoxunu rus və ukraynalıların təşkil etdiyi Dnestryanı ərazisi hələ SSRİ-nin süqutuna qədər Moldovanın tərkibindən çıxmışdı.