Tezliklə Vyana-Şvexat beynəlxalq hava limanında sərhəd-keçid məntəqələrində sərnişinlərin üzdən yoxlanışı (“face control”) polislər tərəfindən deyil, avtomatlaşdırılmış biometrik üz nəzarəti sistemi tərəfindən həyata keçiriləcək.
Sistem dekabrın ortalarından etibarən sınaq üçün bir neçə qapıda quraşdırılacaq. Biometrik nəzarət sisteminə keçid Şengen sərhəd kodeksində aparılan yeni dəyişikliklərlə bağlıdır. Yeni qaydalara görə təkcə üçüncü ölkədən gələn reyslərdəki sərnişinlər deyil, eyni zamanda, təhlükəsizlik qaydalarını gücləndirmək məqsədilə Avropa İttifaqı ölkələrindən gələn sərnişinlər də “face control“dan keçməlidirlər. Bununla əlaqədar ya aeroportlardakı sərhəd-nəzarət məntəqələrindəki polis əməkdaşlarının sayı artırılmalı, ya da yeni texnologiyalara investisiya edilməlidir. Vyana aeroportunda isə kadr çatışmazlığını nəzərə alaraq, həmçinin prosedurları sürətləndirmək məqsədilə yeni qurğuların tətbiqinə qərar verilib.
Sərnişinlərin qarşısında iki seçim olacaq: müasir texnologiyalara üstünlük verən sərnişinlər tam avtomatlaşdırılmış qurğulara üz tutacaq, ənənəvi üsulun tərəfdarları isə əvvəlki kimi polislərin nəzarət apardığı sərhəd-nəzarət keçidlərinə yaxınlaşacaq. Avtomatlaşdırılmış qaydada sərhədi keçmək istəyən sərnişin bunun üçün elektron qapı ərazisinə daxil olmadan öz pasportunu skannerdən keçirməlidir. Bunun ardınca onun sifəti biometrik kamera vasitəsilə qeydə alınacaq və pasport məlumatları əsasında sərhəd yoxlanışı proseduru aparılacaq.
Avropa şəhərləri içərisində London artıq bu təkmil sistemi istifadə edir. Vyana isə ilk 25 elektron qapı ilə yeni sistemi sınaqdan keçirəcək. Sınaq müddəti uğurla başa çatdığı təqdirdə, ölkənin digər hava limanlarında da yeni sistemdən istifadə olunacaq.