SON DƏQİQƏ

ADP İDARƏ HEYƏTİ TOPLANTI KEÇİRİB

Tarix:11-04-2017, 10:15

10 aprel 2017-ci il tarixində ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. 
Toplantı iştirakçları ilk növbədə Suriyada yaranmış son durumla bağlı vəziyyəti müzakirə edib. Müzakirələrdə Suriyada dinc vətəndaşların təhlükəsizliyini nəzərə almadan hərbi əməliyyatların keçirilməsi qətiyyətlə pislənilib, eyni zamanda beynəlxalq ictimaiyyəti Suriyada yaşana insan fəlakətinin qarşısının alınmasında, dinc əhalinin təhlükəsizliyini qorunması ilə bağlı beynəlxalq normalara ciddi əməl edilməsində və bəşəri cinayətlərin törədilməsində günahkarların cəzalandırılmasında həmrəylik nümayiş etdirməyə çağırılıb. 
İdarə Heyəti Milli Şuranın aprelin 8-də keçirdiyi mitinqə də münasibətini bildirib. İdarə Heyəti icra strukturları tərəfindən mitinqin qarşısının alınması istiqamətində həyata keçirilən qeyri-qanuni addımları - mitinqin vaxtının qeyri-qanuni olaraq dəyişdirilməsini, icra strukturlarının mitinq günü iş elan etməsini, təhlükəsizlik tədbirləri adı altında çoxlu sayda polis əməkdaşlarının mitinq yerinə cəlb edilərək vətəndaşların mitinqə qatılmasına süni maneələr yaradılmasını, müxalif düşərgədən olan bəzi qüvvələrin mitinqlə bağlı əks kampaniya aparmasını qətiyyətlə pisləyib. İdarə Heyəti bütün bu çətinliklərə baxmayaraq mitinqin baş tutduğunu bildirib, eyni zamanda kifayət qədər insanların mitinqə qatılmasını ölkə əhalisinin sosial durumunun həqiqətən ağır olmasının, ölkədə insan hüquq və azadlıqları sahəsində mövcud olan problemlərin cəmiyyəti ciddi narahat etdiyinin göstəricisi kimi dəyərləndirib və qeyd olunan problemlərin həll olunması istiqamətində hakimiyyətin təxirəsalınmaz tədbirlər aparmasının vacibliyini qeyd edib. 
İdarə Heyəti ötən həftə İsveçdə baş verən terror haisəsi ilə bağlı İsveç xalqına başsağlığı verib, terroru qətiyyətlə pislədiyini bir daha bəyan etməklə terroru törədən səbəblərin aradan qaldırılması, eyni zamanda qərb ölkələrinin dünyada demokratiyanın dəstəklənməsində birmənalı mövqe sərgiləməyə çağırıb. 
İdarə Heyəti “Freedom House” insan haqları təşkilatının “Keçid ölkələri 2017"  hesabatını da müzakirə edib. Həmin hesabatda  seçki prosesi, vətəndaş cəmiyyəti, müstəqil media, milli demokratik idarəçilik, məhkəmə qanunvericiliyi və müstəqilliyi, korrupsiya kateqoriyaları üzrə qiymətləndirmədə Azərbaycanın Türkmənistan və Özbəkistanla birgə ən aşağı həddə yer tutması faktının ölkədə reallığı əks etdirdiyini qeyd edib. İdarə Heyəti ölkədə həqiqətən azad cəmiyyətin atributlarını məhv edildiyini konstitusiyanın və qanunların real gücünün minimuma endirildiyini, eyni zamanda “Freedom House” hesabatında Azərbaycanın Türkmənistan və Özbəkistanla eyni sırada durmasını ölkəmizin Avropadan və sivil dünyadan deinteqrasiya olunmasına xidmət etdiyini bildirib. İdarə Heyəti Azərbaycan hökumətini beynəlxalq hesabatlarda əks olunanlara müqavimət göstərmək əvəzinə həmin iradların həll olunması istiqamətində real addımlar atmağa və hesabatda qeyd olunan nöqsanları aradan qaldırmağa çağırıb. 
İdarə Heyəti ötən həftə həbsdə olan keçmiş səhiyyə naziri, akademik Əli İnsanovla bağlı keçirilmiş ilkin məhkəmə prosesinin qapalı keçirilməsini, məhkəmə prosesinə media və ictimaiyyət nümayəndələrinin buraxılmamasını qətiyyətlə pisləyərək baş vermiş hadisənin ölkədə ədalət mühakiməsinin komik vəziyyətə saldığının nümunəsi kimi dəyərləndirib, bu hadisənin vətəndaşların öz hüquq və azadlıqlarının məhkəmə qaydasında qorunmasına və təmin edilməsinə olan ümidlərin sarsıdılmasına xidmət etdiyini bildirib. İdarə Heyəti Əli İnsanovun cəzasını tam olaraq çəkdiyini, onun yaşını, elmi dərəcəsini və ən əsası ona qarşı irəli sürülən ittihamların tam saxta və qondarma olduğunu nəzərə alaraq hakimiyyət orqanlarından onun azadığa buraxılmasını tələb edib. İdarə Heyəti bir daha qeyd edib ki, Əli İnsanovun həbsdə saxlanılması beynəlxalq hüquqa və ölkə qanunvericiliyinə ziddir, ona qarşı irəli sürülən ittihamlar tam saxta və siyasi qərəzdən başqa bir şey deyil və ölkədə hüquqi rejimin iflasa uğramasının göstəricisidir. 
İdarə Heyəti sonda cari məsələlərlə bağlı bir sıra qərarlar qəbul edib.
 

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN