Yanvarın 15-19-da gənc boksçular arasında respublika çempionatı keçirilib. Boks Mərkəzində baş tutan yarışda Bakı və respublikanın müxtəlif bölgələrini təmsil edən 31 komanda və 140 idmançı mükafatlar uğrunda mübarizə aparıb.
Turnirin komanda hesabında DİN İdman Cəmiyyəti birinci yeri tutub. Cəmiyyətin Boks bölməsinin müəllimi, əməkdar məşqçi Yadigar Məmmədovun yetirmələri yüksək nəticələr əldə ediblər.
Təmsilçilərimizdən Əflatun Babayev (52 kiloqram), Məhərrəm Məhərrəmzadə (56 kiloqram) və Rəsul Rzayev (75 kiloqram) qarşılaşdıqları bütün görüşlərdə rəqiblərini məğlub edərək baş mükafata sahib olublar.
Finala qədər irəliləyən Cahid Qurbanov çəkisi 69 kiloqramadək olan idmançılar arasında gümüş, Elşən Cəbizadə isə çəkisi 69 kiloqramadək olan idmançılar arasında bürünc medal qazanıblar.
Bu yarışda qalib gələn təmsilçilərimiz ölkəmizin yığma komandasının tərkibinə daxil olublar. Həmçinin, onlar qarşıdakı dünya və Avropa birinciliklərinə, eləcə də oktyabr ayında Argentinada keçiriləcək gənclərin olimpiadasında iştirak etmək hüququ qazanıblar.
Sonxeberler.info