"Xəzər"in baş məşqçisi Elşad Əhmədov Qol.az-a müsahibə verib. Qış fasiləsindən sonra komandasının uğurlu çıxışının səbəblərini açıqlayan mütəxəssis son vaxtlar klub ətrafında dolaşan xəbərlərə də münasibət bildirib.
- Siz "Xəzər"ə baş məşqçi təyin olunanda komanda aşağı sıralarda idi, bu gün isə artıq birinci divizionun lideridir. Bunu necə bacardınız?
- İşə başlayanda icraçı-direktor Emin Abbasovla ilk növbədə sağlam kollektiv yaratmaq haqda fikirləşdik. Mənə elə gəlir ki, həmin komandanı yığa bildik. Emin müəllim seleksiya işində mənə yaxından kömək etdi. Mən özüm futbolçuları tanısam da, onların xasiyyətlərini Abbasov daha yaxşı bilirdi. Seçdiyimiz uşaqlar "Xəzər" klubuna məsuliyyətlə yanaşdılar. Bunun da nəticəsində istəyimizi həyata keçirə bildik. Açığı, heç birinci pilləyə çıxmaq haqqında fikrimiz də yox idi. Yaxşı kollektiv yığıb, Premyer Liqaya layiqli komanda hazırlamaq istəyirdik. Yolumuza da bu cür davam etdik və gəlib bu yerlərə çatdıq.
- Belə bir ifadə var ki, liderliyi qorumaq onu əldə etməkdən daha çətindir. Necə düşünürsünüz, sona qədər liderliyi qoruyub-saxlaya biləcəksiniz?
- Qarşıda 2 oyunumuz qalıb. Evdə "Zaqatala", səfərdə isə "Şüvəlan"la oynayacağıq. Prinsipiallıq deməzdim, amma səfərdə "Şüvəlan"a qalib gəlmək istəyirik. 6 xal götürsək, digər oyunların nəticəsi bizim üçün vacib deyil. İstəyimiz odur ki, hər iki qarşılaşmada qələbə qazanaq.
- Görülən işlərdən də bilinirdi ki, "Xəzər"də hər şey Premyer Liqaya hesablanıb və turnir cədvəli baxımından elitaya çıxmağa çox yaxınsınız. Bəs məsələnin hüquqi tərəfi nə yerdədir? Lazım olan sənədləri AFFA-ya təqdim etmisiniz?
- Lisenziyalaşdırma işləri ilə Emin müəllim məşğul olur. Dediyinə görə, bütün sənədlər AFFA-ya təqdim olunub. Bu yöndə işlər gedir. İndi isə əyalət söhbəti çıxıb. Rəhbərlik sağ olsun, Qubaya getməyə razılıq verdi. İstərdik ki, oranı təmsil edək. Daha çox Quba haqda, oradakı akademiya haqda düşünürük. Bu barədə söhbətlər gedir.
- Ümumiyyətlə, AFFA-nın "Xəzər"i Premyer Liqaya buraxacağına inanırsınız? Hadisələrin gedişindən nə gözləyirsiniz?
- Fikrimcə, hər şey yaxşı olacaq. Niyə də buraxmasınlar ki? Heç turnir cədvəlindəki mövqeyimizə görə demirəm. Adətən deyirlər ki, bütün klublar SOCAR-dan maliyyələşir. SOCAR-dan maliyyələşməyən bir adam futbola sərmayə qoyursa, niyə ona mane olsunlar? Komandanı Premyer Liqaya buraxsalar, daha yaxşı olar. Bu, kənardan baxan insanlara da maraqlı gələr ki, futbola qoşulsunlar, bunun içində olsunlar. Gələcəkdə iş adamları üçün də maraqlı olacaq.
- Əvvəlki illərin təcrübəsindən görmüşük ki, birinci divizionda çempion olan komandanın Premyer Liqaya buraxılması çox vaxt gerçəkləşməyib. "Xəzər" də bu aqibətlə üzləşsə, komandanın gələcək taleyi necə olacaq?
- Klub rəhbərliyi Premyer Liqaya çıxmağımızı istəyir. Birinci divizionda qalsaq, bəlkə də komandanı buraxarlar. Çünki əsas hədəfləri Premyer Liqadır. Gələcəkdə necə olacağını bilmirəm. Bəlkə də elitaya buraxmasalar, komandadan imtina edəcəklər. Futbola çox həvəslə gəliblər. Hiss olunur ki, futbolu inkaşaf etdirmək istəyirlər. Yoxsa, kimə lazımdır ki, birinci divizionda bu qədər pul xərcləyib, komandanı Antalyaya təlim-məşq toplanışına göndərsin, yaxşı futbolçular alsın? Fikrimcə, AFFA "Xəzər"i Premyer Liqaya buraxsa, bu adamlar daha da həvəslənərlər.
- Premyer Liqaya vəsiqə qazansanız, heyətdəki futbolçulara güvənəcəksiniz, yoxsa ciddi dəyişikliklər olacaq?
- Premyer Liqaya çıxsaq, seleksiya mütləq olmalıdır. Yeni transferlər olacaq. Amma çempionatdakı son oyunlarda da göründü ki, istək, keyfiyyətə, peşəkarlığa qalib gəlir. "Səbail"in "Sumqayıt"ı, "Keşlə"nin "Neftçi"ni udması bundan xəbər verir. İstəkli futbolçularla Premyer Liqada oynamaq daha maraqlıdır. Bu heyətlə də yüksək dəstədə mübarizə aparmaq olar.