“İnter” klubunun Müşahidə Şurasının sədri Zaur Axundov “Mladost” üzərində qazanılan 2:0 hesablı qələbədən sonra jurnalistlərlə oyunla bağlı fikirlərini bölüşüb.
SonXəbərlər -in məlumatına görə, sədr deyib ki, oyun öncəsi onlarda qorxu var imiş: "Sözün açığı, qorxurduq ki, birdən ilk oyunun nəticəsinə görə hardasa boşluq verə bilərik, ancaq komanda ilə söhbətlərimiz olmuşdu. Sevinirəm ki, komandaya lazım olan ruhu verə bilmişik. Qol buraxmadan qalib gəldik və növbəti mərhələyə keçdik. Bundan istifadə edib bütün futbol ictimaiyyətini təbrik edirəm.
- Bu oyuna qədər may ayının maaşı verilməli idi, verildimi?
- Fikrimiz əsasən oyunda idi, demək olar ki, komandada maaş haqqında söhbət olmadı. Artıq maaş problemi yoxdur, hamısı ödənilib.
- Oyunçular sizi alqışladılar, deyəsən mükafat söz vermişdiniz.
- Xeyr, mən sadəcə qələbə münasibətilə komandanı təbrik elədim. Dedim ki, vaxt azdır, qarşıda növbəti oyuna qədər 5 gün qalıb. Həmçinin öz adımdan onlara təşəkkür etdim.
- Baza məsələsi nə yerdə qaldı?
- Bu bir az çətin məsələdir. Açığı, bizim üçün bir az gözlənilməz oldu. “Aqrarkredit bank” bizimlə müqaviləni uzatmaq istəmədi. Bu yaxınlarda yeni bazamıza Mərdəkana – “Dalğa Arena”ya köçəcəyik.
- "İnter”in sponsoru "Səmayə” şirkəti olacaq?
- Bilirsiniz, “Səmayə” şirkəti futzalda “Araz” komandasını dəstəkləyir. Avroliqa oyunlarında formamızda bu ad yazılacaq. Yəqin ki, milli çempionata qədər başqa sponsor tapılar.
- Növbəti mərhələdəki rəqibin Moldova deyil, Lüksemburq təmsilçisi olması sizə təəccüblü gəlmədi?
- Artıq Avropada zəif komanda yoxdur. Rəqibin kimliyindən asılı olmayaraq oyuna ciddi hazırlaşacağıq.
- Səlahət Ağayevin avqustun 1-dən etibarən “Neftçi”yə qayıtmalı olduğu deyilir. Bu nə dərəcədə dəqiq məlumatdır?
- “Neftçi”yə öz təşəkkürümüzü bildiririk ki, komandanın ağır vəziyyətində dəstək oldular. Hələ ki, gözləyək, nə qədər irəli getsək, yenə xahiş edərik ki, Səlahət bizə kömək etsin.
- Kamran Ağayevin komanda ilə birlikdə olacağı, transfer qadağası qalxan kimi müqavilə bağlayacağı deyilir.
- Hər komanda istəyər ki, Kamran kimi qapıçısı olsun. Ancaq yanvara qədər hələ vaxt var, o vaxta kimi götür-qoy edəcəyik. Mən bir klub rəhbəri kimi istərdim Kamran Ağayev burada qalsın, “İnter”in qapıçısı olsun.
- Bir də dəbdəbəli avtobus məsələsi var. Oyunçulara hədiyyənizdi?
- Bu avtobusu AFFA-nın dəstəyi ilə əldə elədik. Fürsətdən istifadə edib, AFFA rəhbərliyinə də təşəkkür edirəm.
- Avtobusun üzərindəki loqo fərqlidir. Dəyişiklik olacaqmı?
- Əlbəttə. Qeyd elədiyim kimi, loqoda da, formada da, bazada da bir çox dəyişikliklər görəcəksiniz.