Avropa Liqasının birinci mərhələsinin cavab oyunları çərçivəsində səfərdə 3:0 hesabı ilə məğlub etdiyi “Mladost”la qarşılaşan və 2:0 hesabı ilə qələbə qazanan “İnter”in hücumçusu Rauf Əliyev oyunla bağlı jurnalistlərə danışıb.
SonXəbərlər-in verdiyi xəbərə görə, Rauf Əliyev deyib ki, qələbə qazanmaq, mərhələ adlamaq, mübarizəni davam etdirmək istəyirlər: "Bunun üçün də qol və ya qollar vurmaq lazımdır. Vacib olan qarşıya qoyulan tapşırığın öhdəsindən gəlmək idi ki, biz də vəzifəmizi layiqincə yerinə yetirdik. Sabahdan növbəti oyun haqda düşünmək olar.
- Bir gün əvvəl vuracağınız qolu erməni daşnaklarının mərmisinə tuş gələn və dünyasını dəyişən 18 aylıq Zəhraya həsr edəcəyinizi desəniz də, Denis sevgilisinə, Nizami isə azarkeşlərlə bu sevinci bölüşdü. Unutqanlığa yol verdiniz?
- Xeyr, unutqanlıq olmadı. Oyundan əvvəl bununla bağlı müəyyən fikirlərimiz var idi. Amma dedilər ki, UEFA komandanı cəzalandıra bilər. Qəlbimizdən keçən hissləri hamı bilirdi. Oyundan əvvəl də fikrimizi ictimaiyyətlə bölüşmüşdük.
- Ən azı sakit qarşılamaq olardı.
- Əlbəttə, mümkün idi. Amma komanda yoldaşlarım bu cür qeyd etdilər, bir söz deyə bilmərəm.
- Növbəti mərhələ haqda nə düşünürsüz?
- Lüksemburq təmsilçisi ilə qarşılaşacağıq. Bu ölkənin təmsilçiləri son illərdə yaxşı oyun göstərir. Belə eşitmişəm, amma dəqiq məlumatım yoxdur. Çalışacağıq mübarizəni davam etdirək, erkən dayanmayaq.
- Klubun doğma bazasından çıxarılması əhvalınıza təsir etdimi?
- Bu haqda mətbuatdan oxumuşuq. Bizə konkret bir söz deyilməyib. Maliyyə durumumuza gəldikdə, axsaya-axsaya da olsa, maaşımızı alırıq. Bu baxımdan problemlərimiz həll olunub. Ümid edirəm ki, yaxşı olacaq.