Avropa Liqasının ilk mərhələsinin cavab oyununda da qələbə qazanan “İnter”in kapitanı Nizami Hacıyev oyundan sonra öz fikirlərini jurnalistlərlə bölüşüb.
SonXəbərlər xəbər verir ki, ikinci qolun sahibi Nizami Hacıyev rəqibin üstün tərəf olacağını gözlədiklərini deyib: "Çünki onların itirəcəyi heç nə yox idi. Biz isə çalışdıq ki, əks-hücumlarda fərqlənək. İstədiyimiz nəticəni qazandıq. Hər iki oyunda qələbə qazansaq da, rəqibimiz güclü komandadır. Onlara da, özümüzə də uğurlar arzulayıram. Əsas odur ki, Azərbaycanı layiqincə təmsil edirik. Yaxşı oyun keçirdik, baxımlı qollar vurduq. Bu hamımızın qələbəsidir".
- Növbəti rəqib Lüksemburqun “Fola” komandası olacaq. Üçüncü mərhələyə bir addım yaxın olduğunuzu düşünmək olarmı?
- Əvvəlcədən danışmaq bizə düşmür, başımıza fəlakət gəlir. Müəyyən çətinliklərimiz var. Həm texniki, həm də maddi baxımdan sıxıntılar var ki, onları yoluna qoymaq lazımdır. Yaxşı nəticə qazanmaq olar. Ancaq onların necə komanda olduqlarını bilmirik. Analiz etdikdən sonra qəti fikir bildirmək olar.
- Hansı nəticə “İnter” üçün uğurlu olacaq?
- Minimum vəzifəni yerinə yetirdik, ilk mərhələni layiqincə adladıq. İkinci mərhələni keçsək, yaxşı nəticə göstərmiş olacağıq. “İnter”in vəziyyəti ağırdır, həm maaş, mükafat baxımından. İndidən hər şeyi açıqlamaq istəmirəm. Düzələcəyinə ümid edirik. Düzəlməsə, vəziyyətlə bağlı o zaman ictimaiyyətə açıqlama verəcəyik.
- Deyilənə görə, may ayının maaşı ödənilib.
- Elə məsələlər var, açıqlamaq olmur. Hər şey pulun başında dayanmır. Maşşa alanda da oyunumuzu göstərmişik, almayanda da. Heç kim deyə bilməz ki, biz maaş almayanda pis oynayırıq. Bu gün gücümüz çatdığı qədər oynayırıq, nəticələrimiz də ortadadır. Bu heyətin üzvlərinə heykəl qoymaq lazımdır ki, onlar bu qədər çətinliyə qatlaşıblar.
- “İnter Arena”dan çıxarılmağınız çıxışınıza təsir edəcəkmi?
- Təsiri olacaq. Ora çox öyrəşmişik. 7-8 ildi bu klubun formasını geyinirik və orada məskunlaşırdıq. Psixoloji baxımdan çətinlik yaranacaq.
- Komanda hələ ki, bu çətinliklərə dözür.
- Hələ ki, dözürük. Gələcəkdə necə olacaq, baxacağıq. Bizi kollektiv ruh birləşdirir. Uşaqların zəhmətini danmaq olmaz, əksinə, qiymətləndirmək lazımdır. Bugünkü oyuna gələnə qədər hansı əziyyətlərdən keçmişik, baxmaq lazımdır. Maaşların verilməsi hər şeyin həll olunması deyil axı.