Bu yaxınlarda Rumıniyanın Buxarest şəhərində Kempo üzrə 10-cu Avropa çempionatı keçirilib. Qitənin 22 ölkəsindən 600-dən çox idmançının qatıldığı bu yarışda Azərbaycanın kempoçulardan ibarət yığma komandası da iştirak edib. Gərgin keçən yarışın nəticələrinə əsasən təmsilçilərimiz komanda hesabında 3-cü yeri tutub.
Sevindirici haldır ki, milli yığmamızın heyətində qələbə uğrunda mübarizə aparan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Avtonəqliyyat vasitələrinin axtarışı bölməsinin inspektoru, polis baş leytenantı Vüsal Qələndərov keçirdiyi bütün görüşlərdə inamla qələbə qazanaraq finala vəsiqə qazanıb.
Çəkisi 95 kiloqramadək olan idmançılar arasında gümüş medal qazanan təmsilçimiz yarış təəssüratlarını bizimlə bölüşərkən bildirdi ki, bu qələbə illərlə çəkdiyi zəhmətin bəhrəsidir. İdmanla erkən yaşlarından məşğul olmağa başlayıb. İqtisad və Bakı Dövlət Universitetlərində təhsil alarkən paytaxt və ölkə çempionatlarında yüksək nəticələr əldə edib. Üç ildir ki, daxili işlər orqanlarında xidmət edir. Hər gərgin iş gününün sonunda məşq zalına tələsir. Qarşıda daha mötəbər yarışlarda daha möhtəşəm qələbələr əldə etmək əzmindədir.