Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Campyero Ventura DÇ-2018-in Avropa zonası üzrə pley-off mərhələsinin cavab oyunundan sonra istefa verib.
APA-nın İtaliya mətbuatına istinadən məlumatına görə, İsveçlə matçdan sonra Ventura televiziyaya şərh verməkdən, eləcə də mətbuat konfransında iştirak etməkdən imtina edib.
Məlumata əsasən, 69 yaşlı mütəxəssis istefası barədə İtaliya Futbol Federasiyasını məlumatlandırıb. İstefa ilə bağlı rəsmi açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.
Qeyd edək ki, İtaliya yığması son 60 ildə ilk dəfə dünya çempionatına vəsiqə qazana bilməyib.
İsveç yığması ilə Milanda baş tutan görüş qolsuz heç-heçə ilə başa çatıb. İlk oyunda 1:0 hesablı qələbə qazanan İsveç mundiala vəsiqə qazanıb.