Nemət Əliyev, iqtisadçı-ekspert
Valyuta bazarında ABŞ dollarının nağd alış-satış həcmi bu ilin yanvar ayında kəskin şəkildə azalaraq 180 milyon dollardan aşağı düşüb.
Bu göstəricinin orta aylıq həcmi, müqayisə üçün deyək ki, 2016-cı ildə 464 milyon, 2015-ci ildə isə 1 milyard 316 milyon dollar olmuşdu.
Yanvar göstəricisi 2016-cı ilin orta aylıq göstəricisindən 2,6 dəfə, 2015-ci ilin orta aylıq göstəricisindən isə 7,3 dəfə az olub. Dollarla nağd valyuta bazarının aylıq həcmi 2005-ci ildəki səviyyədən də aşağı düşüb. Avronun, ingilis funtunun, rus rublunun alış-satış bazarı üzrə də vəziyyət əhəmiyyətli dərəcədə pisləşib.
Yanvar ayında qeyri-nağd valyuta bazarının kiçilməsi də şübhə doğurmur. 2016-cı ildə dollarla valyuta əməliyyatlarının ümumi illik həcmi 3,2 dəfə, avroyla ümumi əməliyyatların illik həcmi isə 2,4 dəfə azalıb.
Valyuta bazarının yanvarda bu dərəcədə pisləşməsi ölkədə iqtisadi fəallığın hələ də zəifləməkdə davam etməsi anlamına gəlir.
Odur ki, qəbul etdiyi yarıtmaz qərarlarla monetar amillərin iqtisadiyyata müsbət təsirini heçə endirən Mərkəzi Bank, nəhayət, destruktiv fəaliyyətdən əl çəkməlidir. İqtisadiyyatın pulla təminat səviyyəsinin yaxşılaşdırılması, valyuta bazarına basqıların durdurulması, milli valyuta ilə verilən ucuz kreditlərin önünün açılması istiqamətində gərəkən addımlar atılmalıdır.
Yazı müəllifin feysbuk səhifəsindən götürülüb