İqtisadçı dövlət başçısının yeni sərəncamını şərh etdi.
Azərbaycanda azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsinə qərar verilib. Bununla bağlı dövlət başçısı İlham Əliyev mayın 31-də sərəncam imzalayıb. Sərəncamda bildirilir ki, xarici investisiyaların cəlb edilməsi iqtisadiyyatın daha da möhkəmlənməsinə, büdcə gəlirlərinin diversifikasiyası və əhalinin məşğulluğuna böyük töhfə verə bilər.
Fərmana əsasən, azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədilə işçi qrup tərkibi yaradılıb və Milli Məclisin sədr müavini Valeh Ələsgərov onun sədri təyin edilib.
Azad ticarət zonasının yaradılmasının iqtisadiyyata nə kimi fayda verə biləcəyinə gəlincə, bu haqda “Yeni Müsavat”a iqtisadçı ekspert Rəşad Həsənov danışıb.
O bildirdi ki, bu layihə bir qədər geciksə də, faydalı bir addımdır: “Azad iqtisadi zonalar əsasən resurs ölkələrində iqtisadiyyatın şaxələndirilməsi məqsədilə tətbiq edilən mexanizmlərdən biri hesab olunur. Məqsəd daha liberal mühitin yaradıldığı bir zonaya xarici investisiyanın cəlb edilməsi, beləliklə də xarici investisiya ilə paralel olaraq xarici təcrübənin də ölkəyə gətirilməsi, eyni zamanda iqtisadiyyatın şaquli diversifikasiyasının təmin edilməsidir. Burada azad iqtisadi zonalar investorlar üçün çoxlu üstünlüklər təmin edirlər. Xüsusilə də son 60-70 ildə bu təcrübə dünyada geniş tətbiq edilməyə başlayıb. Hansı ölkələr səmimi formada iqtisadiyyatın liberallaşmasını, şaxələndirilməsini qarşıya məqsəd qoyublarsa, azad iqtisadi zonaların yaradılması bu ölkələrdə daha çox tətbiq olunan mexanizmlərdəndir”.
İqtisadçının sözlərinə görə, bu məsələdə Azərbaycan daha çox Birləşmiş Ərəb Əmirliklərinin modelinə üstünlük verir: “Azərbaycanda azad iqtisadi zonaların idarə edilməsi də məhz bu ölkəyə oxşar layihəni idarə edən quruma həvalə edilib. Bu, Azərbaycan üçün lazımdır. Uzun müddətdir azad iqtisadi zonaların yaradılması ilə bağlı həm beynəlxalq maliyyə qurumları, həm də yerli ekspertlər tərəfindən hökumətə təkliflər verilsə də, hökumət bunu qəbul etmirdi. Bu istiqamətdə ciddi addımlar atılmırdı. Çünki neft vəsaitləri var idi, çoxlu pul gəlirdi. Hökumətin başı ona qarışdığı üçün iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı heç bir addım atılmadı. Nəticədə Azərbaycan iqtisadiyyatı 2014-cü ilin sonundakı vəziyyətlə üzləşməli oldu. Bundan sonra hökumətdə bu istiqamətdə müəyyən qədər iradənin ortaya qoyulduğu müşahidə edilir. Ölkənin iqtisadi reputasiyası, idarəetmə, hüququn aliliyi, məhkəmə sistemi ilə bağlı, investisiya təhlükəsizliyi ilə bağlı müəyyən problemlər var. Ortada çox ciddi suallar var. Məhz bu səbəbdən xarici investorlar xüsusi qanunun qəbul olunmasını tələb edirlər. Hazırda aidiyyəti qurumlar tərəfindən bu istiqamətdə iş aparılır”.
R. Həsənov vurğuladı ki, azad iqtisadi zona Azərbaycanda geniş tətbiq olunan mexanizmlərdən birinə çevrilməlidir: “Sadəcə, Ələt Azad İqtisadi Zonası deyil, Azərbaycanın geostrateji mövqeyi nəzərə alınarsa, sərhəd ölkələrinin potensialı nəzərə alınarsa, sərhədlərə yaxın bölgələrdə azad iqtisadi zonaların yaradılması məqsədəuyğun olardı. Bu, həm sərhəd bölgələrinin regional inkişafını sürətləndirər, həm də yerli istehsalçılar üçün münbit bazar yaradar. Həmçinin bazarın rəqabətliliyini müəyyən qədər artırar və inhisarçı meylləri zəiflədər. Ümid edirəm ki, bu istiqamətdə işlər sürətləndiriləcək”.
Sahibkarların azad iqtisadi zonalardan necə faydalanacağına gəlincə, iqtisadçı vurğuladı ki, bu proses beynəlxalq təcrübəyə uyğun həyata keçiriləcək: “Burada söhbət dövlət vəsaitləri hesabına infrastrukturun yaradılmasından, torpaq sahələrinin ayrılmasından, mülkiyyət hüququnun təmin edilməsindən gedir. Sonuncu bənd ayrıca qanunun qəbul olunmasından sonra daha aydın olacaq ki, bunun forması necə olacaq. Beynəlxalq praktikada daha çox 100 faizlik mülkiyyət hüququnun verilməsi üstünlük təşkil edir. Gömrük rüsumları və vergi güzəştlərinin edilməsi nəzərdə tutulur. Xüsusi zonada xüsusi şərtlər tətbiq olunacaq. Ölkədəki digər iqtisadi subyektlərə tətbiq olunan şərtlərin güzəştlərlə əvəz olunduğu bir sfera olacaq. Burada xarici kapitalın təşəkkül tapmasına ümid edirəm, bu istiqamətdə şərait yaranacaq. Eyni zamanda sahibkarlar buradakı imkanlardan istifadə etməklə, maya dəyəri ilə daha aşağı qiymətə məhsul istehsalını təşkil edib xarici bazarlarda rəqabət imkanı əldə edə bilərlər. Eyni zamanda dənizə və beynəlxalq transport qovşağına çıxışın əldə olunması daşınma xərclərinin də azalmasına, rəqabətli nəqliyyat vasitələrinin istifadə imkanının yaranmasına gətirib çıxara bilər. Bütün bu imkanlar iqtisadi prosesləri sürətləndirə bilər. Mən arzu edərdim ki, bu imkanlar yalnız hansısa iqtisadi zonalarda deyil, ölkə ərazisində bütün sahələrdə yaradılsın. Gələcəkdə bu istiqamətdə işlər aparılsın. Ölkə iqtisadiyyatının bütün sahələri biznes fəaliyyəti üçün əlverişli hala gətirilsin”.