SON DƏQİQƏ

Sabiq nazirin qandallanmasının hüquqi tərəfləri açıqlandı

Tarix:13-06-2017, 10:24

Ekspert Əkrəm Həsənov: “Ziya Məmmədovla Arif Əsgərovu həbs etmək üçün...”

Dünya Bankı Azərbaycanla əməkdaşlığı dayandıra bilər. Səbəb odur ki, bu il fevralın 13-də prezidentin sərəncamı ilə Nəqliyyat Nazirliyinin ləğvindən sonra komandadan uzaqlaşdırılan Ziya Məmmədov və onun müavini Arif Əsgərovun 4 il öncə Dünya Bankından ayrılan kreditin xərclənməsində ciddi yeyintilərə yol verdikləri xəbəri yayılıb.


Artıq Dünya Bankı “Azərbaycan Dəmir Yolları” QSC ilə Kanadanın qlobal “Bombardier” şirkəti arasında 2013-cü ildə bağlanmış və Bakı-Böyük Kəsik dəmir yolunun siqnalizasiya sisteminin qurulmasına dair müqaviləni yoxlamağa başlayıb. Kanadanın “The Glob and Mail” qəzeti yazır ki, Dünya Bankının layihə ilə bağlı başlatdığı auditin məqsədi Kanada şirkəti ilə Azərbaycandan müqaviləni imzalayanlar arasında rüşvət sövdələşməsinə dair şübhələri aydınlaşdırmaqdır.


340 milyon dollarlıq həmin müqavilənin 85 faizini Dünya Bankı maliyyələşdirib. İsveç hüquq-mühafizə orqanları artıq bu müqavilədən on milyonlarla dollarlıq “otkat” alındığını müəyyən edərək “Bombardier” şirkətinin yerli törəmə şirkətinin rəhbər şəxslərini həbs edib. Həmin müqavilə imzalanarkən “Azərbaycan Dəmir Yolları” QSC Z.Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyinin tərkibində idi, QSC-nin sədri vəzifəsini isə Arif Əsgərov yerinə yetirirdi.


Xəbərdə bildirilir ki, əgər Dünya Bankı “Bombardier”lə sabiq məmurlar arasında hansısa korrupsiya sövdələşməsini aşkar edərsə, Kanada şirkəti Azərbaycan layihəsindən çıxarılacaq və bundan sonra Dünya Bankının maliyyələşdirdiyi hansısa layihədə iştirak edə bilməyəcək.
Bu, Dünya Bankı kimi iri kreditorun nəzərində Azərbaycanın imicini də zədələyə bilər.


İqtisadçı ekspert , hüquqşünas Əkrəm Həsənov mövzunu “SonXəbərlər”ə şərh edərkən deyib, ki, adıçəkilən şəxslərin məsuliyyətə cəlb olunması mümkündür: “Dünya Bankı bu məsələni araşdırsa belə, Azərbaycan hüquq-mühafizə orqanları araşdırmadığı müddətcə Ziya Məmmədovu və müavinini heç kim həbs edə bilməz. Lakin onlara qarşı ittihamlar irəli sürülsə, əlbəttə ki, məsuliyyətə cəlb oluna bilərlər”.

Image result for Əkrəm Həsənov


Bu araşdırmanın nəticələrinə uyğun olaraq Dünya Bankının Azərbaycana necə münasibət göstərməsinə gəlincə, Əkrəm Həsənov bildirdi ki, əslində kreditor təşkilat indiyə qədərki bütün layihələrdə yeyinti hallarının olmasından xəbərdardır: “İndiyə qədər Dünya Bankı Azərbaycanda 55 layihəyə ümumilikdə 3 milyard dollar vəsait ayrıb. Azərbaycan isə həm Dünya Bankının, həm də digər beynəlxalq qurumların reytinq cədvəlində korrupsiyanın mövcud olduğu ölkələrdən biri kimi tanınır. Dünya Bankında da bilirlər ki, onların maliyyə ayırdığı əksər layihələrin icrasında korrupsiya hallarına yol verilib. Mən hüquq şirkətləri və məsləhət şirkətləri ilə daim təmasdayam. Həmişə eşitmişəm ki, nəinki Dünya Bankı, digər beynəlxalq təşkilatların da Azərbaycan hökuməti vasitəsilə udulan layihələrin tenderləri şəffaf keçməyib. Hər zaman qaliblər öncədən məlum olub. Dünya Bankı da bunu bilib və göz yumub. Dünya Bankının xətti ilə Azərbaycanda qanunların hazırlanmasına da pul ayrılıb. Bu qurum Azərbaycan qanunvericiliyinin təkmilləşməsi ilə bağlı da iş görüb. Tenderlər keçirilib, qaliblər olub. Lakin ortaya heç bir keyfiyyətli qanun layihəsi çıxmayıb. Həmin vəsaitlər hesabına meydana çıxan bir dənə belə normal qanun yoxdur. Çünki həmin pullar da yeyilib. Bakı-Böyük Kəsik dəmir yolunun siqnalizasiya sisteminin qurulması layihəsi də eyni şəkildə icra olunub. Mən hesab etmirəm ki, Ziya Məmmədov və onun ətrafındakı qalmaqala görə Azərbaycanla əməkdaşlığı pozsun”.


Ə.Həsənovun sözlərinə görə, Dünya Bankı nəinki korrupsiya hallarının olduğunu bilir, hətta dolayısı ilə iştirak da edir, ən azından bizim məmurların əməllərinə göz yumurlar: “Mənim sualım başqadır. Bu məsələ niyə məhz indi, Ziya Məmmədov vəzifədən çıxarıldıqdan sonra qalxıb? Niyə bu layihə ilə bağlı faktlar araşdırılır? Çünki bu təşkilatın maliyyələşdirdiyi istənilən layihədə yeyinti halları aşkarlamaq mümkündür. Hətta onların öz layihələri də olub, həmin layihələrdə də heç bir iş görülməyib. Sadəcə, pullar yeyilib. Mən şübhələnirəm ki, Ziya Məmmədovu kimsə daxildən ”vurur". Sadəcə, məsələ o həddə qədər açılıb ki, Dünya Bankı da bunu araşdırmağa məcbur olub. İkinci variant isə odur ki, xaricdən kimsə Azərbaycanı nəyə görəsə cəzalandırmaq istəyir. Və ya hansısa danışıqlarda Azərbaycanın üstünə getmək istəyirlər. Bu faktdan da, sadəcə, bir alət kimi istifadə edirlər".


Kanadanın tenderdə iştirak edən qlobal “Bombardier” şirkətinin cəzalandırılmasına gəlincə, ekspert bu şirkətin də real icraçı olmasını şübhə altına aldı: “Bu cür layihələrdə tenderin qalibi həmişə xarici şirkət olmalıdır. Bunu təkcə Dünya Bankı tələb etmir, Avropa Birliyi də tenderlərdə xarici şirkətlərin iştirakını istəyir. Sadəcə olaraq, həmin xarici şirkətlərin Azərbaycanda yerli portnyorları olur. Qalib olacaq şirkət də öncədən bilinir. Tenderdə qalib gələn şirkət işi özü həyata keçirmir. O, kiminləsə müqavilə bağlayır, həmin şirkət də başqa biri ilə müqavilə imzalayır, o da digəri ilə razılaşır. Həmin mərhələlərdə pulun böyük bir hissəsi yeyilir və bu işi reallıqda həyata keçirəcək sonuncu şirkətə o qədər kiçik bir vəsait verirlər ki, məcburən layihəni bərbad bir formada həyata keçirir. Çünki onlara qəpik-quruş gəlib çatır. Kanadanın bu şirkəti ilə bağlı da eyni şey baş verib. O şirkət, sadəcə, tenderdə qalib gəlib. Bu cür şirkətlər beynəlxalq maliyyə qurumlarının əksər ölkələrdə həyata keçirdikləri tenderlərdə iştirak edirlər. Guya həmişə qalib gəlirlər. Reallıqda isə yalnız adları var. Əslində heç nə etmirlər. Onlara müəyyən qədər pul verilir. Digər vəsaitləri isə Azərbaycan portnyorları götürür və hansısa xırda bir şirkətə işi gördürürlər. İndi bu işin üstü açılıb. Dünya Bankı da elan edib ki, həmin şirkəti cəzalandıracaqlar və artıq öz tenderlərinə buraxmayacaqlar. Lakin başqa bir addım atmaq üçün Dünya Bankının əlində elə bir ciddi əsas yoxdur”.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN