SON DƏQİQƏ

"Namus üstündə öldürübsə..." - dostunu amansızlıqla qətlə yetirən şəxsin cinayəti

Tarix:30-04-2018, 15:55

Dostunu amansızlıqla öldürməkdə təqsirləndirilən şəxsin məhkəməsi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Amal Zülfüqarovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan məhkəmə iclasında şahid Elvin Osmanov ifadə verib.

O, deyib ki, hadisə baş verən kafedə işləyib. Hadisə baş verən zaman mətbəxdə olduğunu deyən şahid səs-küy başlayan zaman zala gəldiyini bildirib: "Mən çıxanda bıçaqlanma baş vermişdi. Yaralılardan Tələtin yanında idim. Onları sakitləşdirməyə çalışırdıq. Amal heç kimi yaxına buraxmırdı. Tələt çölə çıxanda mən də onun arxasınca çıxdım. Nə baş verdiyini görmədim".

Mərhumun anası şahiddən soruşub ki, Amal onun oğlunu vurmasının səbəbini deyibmi: "Əgər həqiqətən oğlum namus üstündə öldürülübsə, araşdırılsın. Amalın bacısı, yaxını ilə yazışması varsa, onu bağışlayaram. Amma oğlum günahsız yerə öldürülübsə, 9 il də gözləyərəm ki, iş araşdırılsın. Oğlumu 9 aydır ki, itirmişəm".

Şahid həmin vaxt heç nə eşitmədiyini söyləyib.

Məhkəmədə təqsirləndirilən şəxsin atası Mahir Zülfüqarov da ifadə verib. O, söyləyib ki, oğlu ilə mərhum arasında yaxın dostluq münasibətləri olub.

Mahir Zülfüqarov qeyd edib ki, oğlu Nabrandan gələndən sonra gərgin və fikirli olub: "Danışmırdı, yemək də yemirdi. Elə bir xasiyyəti də var idi ki, sözü olanda danışmırdı. Həmin gecə evə zəng gələndə bildim ki, hadisə baş verib. Mən yanımda qızımı sakitləşdirdim. Digər qızım Almaniyada yaşayır".

Mərhumun anası Mahir Zülfüqarova sual verib: "Oğlun deyirdimi ki, Qismət sənin qızınla danışıb? Amal da buna görə oğlumu öldürüb?"

Bu sual təqsirləndirilən Amal Zülfüqarovu qəzəbləndirib. O, saxlanıldığı şüşə qəfəsə yumruqla vurub.

Hakim Amala xəbərdarlıq edib və belə bir halın növbəti dəfə baş verəcəyi təqdirdə zaldan çıxarılacağını söyləyib.

Mahir Zülfüqarov isə söyləyib ki, hadisədən sonra oğlu ilə mərhum arasındakı mübahisə barədə bunları eşidib:"Nabrana gedəndə mərhum Qismət yolda müasir geyimli xanım haqqında xoşagəlməz ifadə işlədib. Oğlum da buna iradını bildirib, deyib ki, bir xanım haqqında bu sözləri işlətmə. Çünki həmin qadın hamımızın yaxını ola bilər".

Mahir Zülfüqarov qeyd edib ki, oğlu Amal Almaniyada olan bacısının hicaba keçməsini istəyib: "Yanımda olan qızım hicablıdır. Amal namaz qılandan sonra istəyirdi ki, bacısı da hicab bağlasın".

Prosesdə Amalın qardaşı Asif Zülfüqarov da dindirilib. O, söyləyib ki, qardaşı ilə mərhum arasında gözəl münasibətlər olub: "Amal anama deyirdi ki, sənin üç oğlun var. Biri də Qismətdir. Hər gün bir yerdə olurdular".

Asif Zülfüqarov hadisənin baş vermə səbəbi haqda bildiklərini belə danışıb: "Hadisənin əsas şahidləri doğru danışmır. Mən hadisədən sonra onlarla görüşdüm. Qardaşım onlara deyib ki, Qismətin xətrini çox istəyir, əgər ona qarşı səhv hərəkətə görə əl qaldırsa, həmin əlini özü kəsər. İndi həmin şəxslər başqa cür danışır. Hadisədən qabaq da kafedə danışıq olub, hamısı bilirdi, amma danışmırlar. Nabranda olanda müasir geyimli bir qız haqqında Qismətin dediyi sözə görə mübahisə ediblər. Qardaşımın telefondakı danışıqlarında da var ki, orada olan uşaqlar Amala deyir ki, çox dərinə getmə. Bu söhbətdən sonra Amal istəyirdi ki, bacım hicab bağlasın. Çünki istəmirdi ki, kimsə bacım haqqında nəsə danışsın, hətta fərqli fikirlər formalaşsın".

Amal Zülfüqarov da məhkəmədən söz istəyib. Deyib ki, mərhum dostu başqaları haqda doğru danışmadığı üçün mübahisələri olub: "Başqaları haqda doğru olmayan sözlər danışırdı. Camaatın anası, bacısı haqda sözlər deyirdi. Dəfələrlə xəbərdarlıq etmişəm ki, bir gün səni kimsə vuracaq. Biz də sənin güdazına gedəcəyik. Mən onun doğru yola gəlməsini istəyirdim. Qismətin anasını, atasını, qardaşını başa düşürəm. Amma anasının dedikləri sözlər mənə xoş gəlmədi".

İttihama görə, Amal Zülfüqarov Xaçmazda istirahət mərkəzində olarkən dostu Qismət Məmmədlinin ona baxmasına irad bildirib. Bu zaman aralarında mübahisə yaranıb. Daha sonra Amal dostu Qismətin onun xaricdə yaşayan bacısı ilə danışdığından şübhələnib və onu öldürmək qərarına gəlib. Qobustanda kafedə olarkən birlikdə domino oynayıblar. Bu zaman arxadan Qismətə yaxınlaşaraq onun boyun və sinə nahiyyələrinə zərbə endirib. Kafedə olanlar Amalı sakitləşdirə bilməyiblər.

Amal yaralı vəziyyətdə olan və yerə yıxılan Qismətin boğazından tutaraq onu boğmağa başlayıb. Kafedə olanda Tələt Hüseynov və Haldun Nəbizadə onu tutaraq əlindən bıçağı almaq istəyiblər. Amma onlara da bıçaq zərbəsi endirərək yenidən qismətə hücum edib və ürək, boğaz, sinə və qarın nahiyyələrinə bir neçə zərbə də endirib.

Amal Zülfüqarov xüsusi amansızlıq, xuliqanlıq niyyəti ilə köməksiz vəziyyətdə olan şəxsi öldürməkdə ittiham edilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.2-ci, 120.2.4-cü, 120.2.9-cu və 221-ci maddələri ilə ittiham irəli sürülüb.

Amal Zülfüqarov özünü qismən təqsirli bilib və xüsusi amansızlıqla adam öldürdüyünü etiraf edib. Hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən kafelərdən birində baş verib. Kafedə baş verən kütləvi davada Qismət Fərhad oğlu Məmmədli bıçaqlanaraq öldürülüb.

Daha iki nəfər - Haldun Əbuzərli və Tələt Hüseynli bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Həyata keçirilən tədbirlər nəticəsində hadisənin 1995-ci il təvəllüdlü Amal Mahir oğlu Zülfüqarov tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

Sonxeberler.info

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN