Barda yaranan mübahisədən sonra dostunu öldürən gənc hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində mübahisə etdiyi dostunu öldürməkdə təqsirləndirilən 1994-cü il təvəllüdlü Zaur Qasımovun məhkəməsi başlayıb. Hakim Mahmud Ağalarovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.
Məhkəmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Mərhum Xəyal Məmmədovun hüquqi varisi, atası Qorxmaz Məmmədov tanınıb. O, təqsirləndirilən Z.Qasımovdan hər hansı pul tələbinin olmadığını bildirib.
Məhkəmə prosesi mayın 15-də davam etdiriləcək.
Hadisə 2017-ci il noyabrın 27-nə keçən gecə Bakının Sabunçu rayonunun İkinci Zabrat qəsəbəsində baş verib.
Qeyd edək ki, Zabrat sakini, 1994-cü ildə anadan olmuş Qasımov Zaur Akif oğlu Naxçıvan sakini, 1995-ci il təvəllüdlü Məmmədov Xəyal Qorxmaz oğlunu münaqişə zəminində öldürüb. Hər iki şəxs bir-birilərini daha əvvəldən tanıyıb və İkinci Zabrat qəsəbəsində yaşayıblar.
Hadisədən 10 gün əvvəl internet klubda onların arasında mübahisə düşüb. Bu zaman gəncləri yaxınlıqdakı şəxslər sakitləşdirib.
Bir neçə gün sonra isə onlar həmin ərazidə yenidən rastlaşıblar və Zaur Xəyalı kənara çağırıb. O, özü ilə gətirdiyi bıçaqla 22 yaşlı Xəyalın döş qəfəsinə öldürücü zərbə vuraraq qaçıb. Köməyə gələn şəxslər Xəyalı xəstəxanaya çatdırsa da, artıq gec olub.
sonxeberler.info