Bakıda kriminal qruplaşmalar arasındakı silahlı atışmadan sonra həbs edilən şəxslər növbəti dəfə hakim qarşısına çıxarılıb. Onlar barələrindəki hökmün dəyişdirilməsini istəyirlər.
Kriminal aləmdə "Astaralı Fuad" kimi tanınan Fuad Əsgərov, "Ayqam Samir" kimi tanınan Samir Allahyarov və digərləri barələrində birinci instansiya məhkəməsinin hökmündən verilən şikayət üzrə məhkəmə davam edib.
Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Fuad Əsgərovun vəkili vəsatət verərək məhkəmənin qismən istintaqla aparılmasını istəyib.
Hakim Faiq Qasımov xatırladıb ki, ötən prosesdə bu vəsatət müzakirə edilib və təmin edilməyib.
Məhkəmədə prokuror çıxış edib və bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə razı qalmadıqları üçün protest veriblər:
"Məhkəmənin hökmündə təqsirləndirilən şəxslərə istintaq dövründə verilən ittihamlar digər aşağı maddələrə tövsif edilib. Lakin istintaq orqanı olaraq bu tövsiflərin düzgün olmadığı qənaətindəyik. Bundan başqa təqsirləndirilən şəxslərə verilən cəzaların ağırlaşdırılmasını tələb edirik".
"Astaralı Fuad"ın vəkili çıxış edərək müvəkkilinə verilən ittihamların əsassız və qanunsuz olduğunu dilə gətirib: "İbtidai istintaqda da, məhkəmədə də sübutlar araşdırılmadı. Təqsirləndirilən şəxslər və şahidlərin də ifadəsində var ki, Fuad Əsgərov "Bulaq" restoranına qonaq çağırılıb. Fuad həmin yerə gedib çatanda Samir ona salam verib. O zaman Fuad havalanıb. Çünki Fuadla Samirin arasında keçmişə dayanan ziddiyyət var. Baxın, nə istintaqda, nə də məhkəmədə bu ziddiyyət araşdırılmayıb. Bu məhkəmə binasında Fuadla Samir arasında keçmişdə mübahisə olub. Əlbəyaxa olublar. Bu da rəsmləşdirilib. Ondan sonra onları başqa-başqa cəzaçəkmə müəssisəsinə köçürüblər. İndiki hadisələrin də araşdırması buradan başlamalı idi".
Hakim xatırladıb ki, istintaqda yazılıb ki, Fuad Əsgərov Tofiq Qaramizadədən aylıq 3 min manat pul tələb edib.
"Fuad Astaralı" buna etiraz edib. O bildirib ki, heç kimdən pul tələb etməyib: "Ötən məhkəmədə də dedim, bunda da deyirəm ki, pul istəyənin hər şeyini.... Söyüş də söydüm. Yalandan söyüş söyməyim mənə başucalığı gətirməz. Bu işdə heç bir günahım yoxdur. Mərdliyimdən, kişiliyimdən burda oturmuşam. Əslində, xəstəxanadan mən azadlığa buraxılmalıydım. Kiminsə üzünə durmamışam. Burda oturmağımın səbəbi budur. Nəyə görə kişi kimi, mərd kimi olduğuma görə həbsdə olmalıyam. İndi Tofiqdən də soruşun ki, ondan pul tələb eləmişəm?”
Tofiq Qaramizadə isə bildirib ki, Fuad ondan pul istəməyib: "Fuadı yaxşı oğlan kimi tanımışam. Həbsdən çıxanda uşaqlara nömrəmi vermişəm ki, Fuada verin mənimlə əlaqə saxlasın. Onunla tanış olub münasibət qurmaq istəmişəm”.
Bu vaxtı “Fuad Astaralı” yerindən bildirib ki, həbsdə olan da Tofiq ona sovqat göndərib. “Ədliyyə Nazirliyinin dəftərxanasında qeydiyyatında var, baxa bilərsiniz”
Tofiq Qaramizadə ifadəsinin davamında qeyd edib ki, Fuadla telefonda mübahisəsi düşüb: “Fuad mənə gecə saat 2-yə işləmiş zəng elədi. Ona görə də aramızda mübahisə yarandı. Bildirdim ki, bu vaxtı zəng eləməzlər. Sabahı görüş təyin elədik, onu restorana çağırdım. Orda olanlar oldu".
Məhkəmə mayın 22-də davam edəcək.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslər Tofiq Qarazədə 7 il, Samir Allahyarov (Ayqam Samir) 10 il, Fuad Əsgərov (Astarılı Fuad) 8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay Murtuza Tağıyev 3 il, Araz Vəliyev 3 il azadlıqdan məhrum ediliblər.
Xatırladaq ki, silahlı insident aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120 (qəsdən adam öldürməyə cəhd), 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182 (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə təqsirli bilinirlər.
Bildirək ki, restorandakı silahlı insidentin Rövşən Lənkəranski və "Lotu Quli"nin adamları arasında baş verməsi haqda mətbuatda məlumatlar yer almışdı. Ancaq "Lotu Quli"nin yaxın ətrafı bu məlumatı təkzib ediblər. Lakin silahlı insidentin kriminal qruplaşmalar arasında hesablaşma olması istisna edilmir.
Qeyd edək ki, bu atışmadan sonra Bakının müxtəlif rayonlarında kriminal aləmlə əlaqələrdə şübhəli bilinən onlarla şəxs saxlanılmışdı.
Sonxeberler.info