General Akif Çovdarov və digərləri növbəti dəfə hakim qarşısına çıxarılıb.
Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq MTN generalı Akif Çovdarov, polkovnik Səlim Məmmədov, Akif Əliyev və Orxan Osmanovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb. Hakim Faiq Qasımovun icraatında olan prosesdə ilkin baxış iclası keçirilib.
Prosesdə "8-ci km bazarı" epizodu üzrə Cəfər və Qəhrəman Səfərov qardaşları çıxış ediblər. Onlar həmin bazarın A.Çovdarov tərəfindən zorla əllərindən alındığını və geri qaytarılmağını deyiblər.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri çıxış edərək, müvəkkillərinin barəsində bəraət hökmünün çıxarılmasını tələb ediblər. Prosesdə təqsirləndirilən A.Əliyev, O.Osmanov və S.Məmmədov da çıxış ediblər. Onlar da barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər.
A.Çovdarovun vəkilləri 7 vəsatət qaldırıb. Onlar xəttşünaslıq, məhkəmə xətşünaslıq, A.Çovdarovun səhhədi ilə bağlı tibbi ekspertizanın keçirilməsini tələb ediblər. Bundan başqa, müdafiəçilər təqsirləndirilən şəxslərin ailə üzvlərinə aid olan əmlakların geri qaytarılmasını istəyiblər. Vəsatətlər növbəti prosesdə müzakirə olunacaq. Proses mayın 23-də davam etdiriləcək.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə A.Çovdarov 12 il, S.Məmmədov 9 il, A.Əliyev 5 il, O.Osmanov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.
Sonxeberler.info