Bakıda banka basqın edən şəxs hakim qarşısına çıxarılıb.
Bakı Ağır Cinayərlər Məhkəməsində quldurluqda təqsirləndirilən Nazim Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən məhkəmə iclasında N.Məmmədovun müdafiəsinə yeni vəkilin qoşulduğu elan edilib. Vəkil işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.
Növbəti məhkəmə iclası mayın 29-na təyin edilib.
Hadisə ötən il saat 13.00 radələrində “Turan Bank” ASC-nin Yasamal filialında baş verib. Müttəhim qəfil hərəkətlə orada müştəri olan 1967-ci il təvəllüdlü Səriyyə Nəcəfovanın arxasına keçib və bıçağı onun boğaz nahiyəsinə dirəyib. Həmin şəxs xəzinədarlıqdan pul verilməsini, əks halda qadını öldürəcəyini deyib. Bu zaman mühafizə siqnalizasiyası işə düşüb və hadisə yerinə polis əməkdaşları cəlb edilib. Polis əməkdaşları həmin şəxsi tərksilah edərək tutub. Həmçinin ondan soyuq silah hesab edilən bıçaq götürülüb.
Araşdırma zamanı həmin şəxsin paytaxtın Yasamal rayon sakini 1967-ci il təvəllüdlü Məmmədov Nazim Novruz oğlu olduğu müəyyən edilib.
Sonxeberler.info