Şərikinin sağlamlığına ağır zərər vurmuş şəxsin məhkəməsi başa çatıb. O, soyuq silah gəzdirməkdə də təqsirləndirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində Mehman Süleymanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən Mehman Süleymanov 5 il müddətinə azadlıqdan məhrum edilib.
M.Süleymanov barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və o, məhkəmə zalında həbs edilib.
Hadisə ötən il dekabrın 1-də Binəqədi rayonunda yerləşən daş bazarında baş verib.
Şəhər sakini Mehman Süleymanov və onun birlikdə yük maşını sürdüyü şəriki Ədalət Süleymanov arasında mübahisə yaranıb. Mübahisəyə səbəb Ədalət Süleymanovun yük maşınını divara sürtməsi ilə bağlı olub. Qəzadan sonra Mehman Süleymanov Ədalət Süleymanovdan yük maşınını təmir etməyi tələb edib.
Şəriklər arasında mübahisə söyüşə keçib. Mehman Süleymanov yük maşınının kabinəsindən bıçaq çıxararaq avtomobildə şərikini bıçaqlayıb.
Mehman Süleymanova Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma), 228.4-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham verilib.
Sonxeberler.info