Bakıda fəaliyyət göstərən məşhur mağazalar şəbəkəsinin əməkdaşlarına hökm oxunub. Onlar işlədikləri mağazadan külli miqdarda vəsaiti mənimsəməkdə ittiham ediliblər.
Bakı Ağır Cinayətlər Məhkəməsində özgə əmlakını mənimsəməkdə təqsirləndirilən İbrahim İbrahimov, Zəhra Mavlina, Zaur Novruzov, Gültəkin Bünyadova və Elvina Qafarovanın cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Hökmə əsasən təqsirləndirilən şəxslərin hər biri barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə cəza təyin edilib. Onların heç biri həbs edilməyib.
Bildirək ki, təqsirləndirilən şəxslərin hamısı Bakıda fəaliyyət göstərən "Zara" mağazalar şəbəkəsinin "Nargiz Mall"dakı şöbəsinin əməkdaşlarıdır və mağazada müxtəlif vəzifələrdə çalışıblar. Onlar işlədikləri mağazaya 17700 manat zərər vurmaqda ittiham edilirlər. Bildirilir ki, təqsirləndirilənlər qrup halında mağazada olan malların bir hissəsinin kassadan kənar əməliyyatını apararaq əldə etdikləri məbləği mənimsəyiblər. Təqsirləndirilən şəxslər özlərini qismən təqsirli bilirlər. Dəymiş 17700 manat zərər müştərək qaydada təqdirləndirilən şəxslər tərəfindən ödənilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən heç biri həbsdə deyildi. Onlar barəsində polis nəzarərinə verilmə qətimkan tədbiri seçilmişdi.
Sonxeberler.info