Oliqarx Musa Süleymanovdan Criminal.az saytına hədə məktubu daxil olub. İş adamının məktubunu olduğu kimi təqdim edirik:
Bu yaxınlarda məlum olub ki, 20.01.2017-ci il tarixdə saat 23:37-də criminal.az saytında Musa Süleymanov barəsində "Oliqarx Süleymanov əyri yollarla dövlətdən 25 milyon dollar qoparmaq istədi, ilişdi...” başlığı altında məlumat dərc edilib. Nəzərinizə çatdırıram ki, yazıda qeyd olunanlar həqiqətə uyğun deyil, həmin məlumatlar yalandır, böhtandır və xəbərin həqiqətə uyğun olub-olmaması araşdırılmadan həmin xəbər virtualaz.org saytında yerləşdirilib. Həmin xəbərdə göstərilmiş məlumatlar M.Süleymanovun şərəf və ləyaqətini, bir işi adamı kimi işgüzar nüfuzunu ləkələyir. Halbuki M.Süleymanov bir iş adamıdır, uzun müddətdir ki, biznes fəaliyyəti ilə məşğuldur və yazıda qeyd olunların onunla heç bir əlaqəsi yoxdur.
Odur ki, 20.01.2017-ci il tarixdə saat 23:37-də criminal.az saytında Musa Süleymanov barəsində "Oliqarx Süleymanov əyri yollarla dövlətdən 25 milyon dollar qoparmaq istədi, ilişdi...” başlığı altında dərc edilmiş xəbərin 2 gün ərzində internet resurslarından silinməsini xahiş edirəm. Əks halda məsələnin hüquqi müstəvidə həlli üçün tərəfimizdən addımlar atılacaqdır.
Criminal.az olaraq bildiririk ki, "Oliqarx Süleymanov əyri yollarla dövlətdən 25 milyon dollar qoparmaq istədi, ilişdi...” başlıqlı yazı virtualaz.org saytına istinadən dərc edilib. Həmin yazı eyni zamanda ölkənin bir sıra xəbər saytlarında yayımlanıb və hazırda da həmin saytlardadır. (Criminal.az)