Ana söyüşünə görə qonşusunu bıçıqlayan 15 yaşlı gəncin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusu, 35 yaşlı Rəşad Rzayevi bıçaqlamaqda təqsirləndirilən 2002-ci il təvəllüdlü Münsif Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən M.Qasımov 3 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs edilib.
Qeyd edək ki, Münsif Qasımov barəsində həbs-qətimkan tədbiri seçilməmişdi. O, ev dustaqlığında idi.
İttihama görə, tərəflər arasında sonu qanlı bitən hadisə söyüş üstündə baş verib. Belə ki, Rzayevin özündən 20 yaş kiçik Münsifə ana söyüşü söyməsi ikincini özündən çıxarıb. Münsif bıçaq götürərək Rəşad Rzayevin evinə gedib. Onu həyətə çağırıb və ona kürək nahiyyəsində 4 bıçaq zərbəsi endirib.
Qanlı hadisənin baş verməsinə səbəb Münsifin məktəbdə şagirdlərlə arasında olan mübahisəyə Rəşad Rzayevin müdaxilə etməsi və sonda Münsifi təhqir etməsi olub. Rəşad Rzayev onu bıçaqlayan şəxsdən şikayətçi olmasa da, onun anası Münsif Qasımovun ailəsindən dəymiş zərərə görə 4 min manat tələb edir.
E.Muxtarov