Bakıda qətl törədən şəxsə hökm oxunub.
SonXəbərlər xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən 1992-ci il təvəllüdlü İlqar Əhmədov və xuliqanlıq etməkdə təqsirləndirilən Emin Cəfərova hökm oxunub.
Hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29,120.2.7-ci (iki və daha artıq şəxsi öldürməyə cəhd) təqsirləndirilən İlqar Əhmədova 19 il cəza verilib.
Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə təqsirli bilinən Emin Cəfərov isə 2 il müddətinə azadlıqdan məhrum edilib. E.Cəfərov 2014-cü ildə də 7 il 6 ay azadlıqdan məhrum edilib və şərti cəza alıb. Onun cəzası ödənilməyib. Cəfərovun cəzaları qismən toplanaraq 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Binəqədi rayonundakı kafelərdən birində baş verib. Kafedə olan oğlanlardan birinin orada işləyən Aynurəyə sataşması davaya səbəb olub. 2017-ci il yanvarın 1-də həmin ərazidə küçədə 1997-ci il təvəllüdlü Murad Hüseynovun meyiti tapılıb. Hadisəni törətməkdə şübhəli bilinən, 1992-ci il təvəllüdlü İlqar Əhmədov müəyyən edilərək saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, İlqar Əhmədov Murad Hüseynovun dostu, 1982-ci il təvəllüdlü Rövşən Ağayevə də bıçaq xəsarətləri yetirib. Rövşən Ağayev xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. İlqar Əhmədov qəsdən adam öldürməkdə, iki və daha çox adamı öldürməyə cəhddə, Emin Cəfərov isə xuliqanlıqda təqsirləndirilib.